“Zamanla üz-üzə” layihəsi çərçivəsində növbəti konsert təqdim olundu

İnsanın yeganə düşməni onun nəfsi, yeni, fərqli nə isə əldə etmək və bununla özünün mükəmməlliyini göstərmək istəyidir. Buna acizlik, eqoizm, sadəlövhlük də demək olar. Bütün hallarda bu nəsnələrin hər biri insanı sonda uğursuzluğa, fəlakətə aparır. Bunu əsrarəngiz klassik musiqinin Bakı səhnəsində yüksək səviyyəli ifasında bir daha görmüş olduq.

Ötən əsrin dünya klassikasının gözəl nümunələrini paytaxt musiqisevərlərinə təqdim edən “Zamanla üz-üzə” layihəsinin növbəti konserti mayın 24-də Kamera və Orqan Musiqisi Zalında gerçəkləşdi. Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin bədii rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində bu dəfə görkəmli rus bəstəkarı, pianoçu və dirijor İqor Stravinskinin məşhur “Əsgərin tarixçəsi” adlı qiraətçi və instrumental ansambl üçün musiqili nağılı dinlənildi. Əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri solistlər ansamblının (Şükür Səmədov - klarnet, İlqar Hacıyev - faqot, Rövşən Quliyev - truba, Vitali Butenko - trombon, Aleksey Çumakov - zərb alətləri, Roman Mints - violin (Rusiya), Cavad Cavadzadə - kontrabas) müşayiəti ilə nümayiş olundu. Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə keçən konsertin qiraətçisi Xalq artisti Məbud Məhərrəmov idi.
İkihissəli musiqili nağıl 1918-ci ilin yayında qələmə alınıb. Bu ideya müəllifdə hələ 1917-ci ilin yayında, I Dünya müharibəsinin acı təsiri nəticəsində yaranmışdı. Əsgər taleyini təsvir etmək üçün bəstəkar A.Afanasiyevin tərtib etdiyi məcmuədəki rus xalq nağıllarından istifadə etmək qərarına gəlir və librettonun yazılması üçün dostu, isveçrəli yazıçı Çarliz Ferdinand Ramuzaya müraciət edir. Nəticədə qiraətçi və yeddi ifaçıdan ibarət instrumental ansambl üçün belə bir nağıl yaranır. Kiçik instrumental tərkib xüsusi olaraq seçilib. Bəstəkar bunu əsərin İsveçrənin ən ucqar bölgələrində də nümayişə yararlı olması üçün edib. Əsərin ilk ifası 28 sentyabr 1918-ci ildə Lozannada müəllifin dostu, görkəmli isveçrəli dirijor Ernest Ansermenin idarəsi altında gerçəkləşib.
Əsərin musiqisi süita janrında qurulub, lakin bu janrda ənənəvi olaraq istifadə olunan barokko dövrünün rəqslərinə (allemanda, sarabanda, pavana və s.) rəğmən burada XX əsrin çağdaş dövrünə xas olan fosktrol, tanqo kimi rəqslərdən istifadə edilib.
Qiraətçinin emosiyalar, nəql olunan hadisənin ruhunu əks etdirən tembrdə ifasında bir əsgər, onun müharibə və ondan sonrakı ağır, acı, sıxıcı yaşantıları musiqinin ecazkar müşayiətində çox təsirli idi. Qanlı müharibədən qurtulan əsgər sevinclə evlərinə - ailəsinin və onu gözlədiyini zənn etdiyi nişanlısının yanına qayıdır. Yolda insan cildinə girmiş şeytanla rastlaşan yorğun əsgər onun şirin aldatmacası və öz nəfsinin qurbanı olur.
Əsgərin çantasındakı skripkaya gözü düşən şeytan ondan bu aləti qoparmaq istəyir. Nə qədər cəhd etsə də, əsgər uzun illər onunla yol yoldaşı olan sevimli skripkasını vermək istəmir. Bu dəm şeytan yalan vədlərini işə salır, skripkanı guya əsgəri zəngin edəcək kitabla dəyişməyi təklif edir. Nişanlısını və kasıb ailəsini xoşbəxt etmək üçün bu təkliflə razılaşan yorğun döyüşçü şeytanın daha bir xahişinə əməl edir, ona öz skripkasında ifa etməyi də öyrədir. Bu vəzifəsini də başa vurduqdan sonra ona səadət bəxş edəcəyinə inandığı kitabını da sinəsinə sıxaraq evlərinə tələsir.
Günlərlə yol gedən əsgər evlərinə, doğma kəndlərinə çatır. Lakin gözlədiyi hər şey tərsinə olur. Doğmaları onu tanımır, heç kəs onu qəbul etmir. Nişanlısı isə çoxdan başqası ilə ailə qurub. Nəticədə sehrli kitab belə ona xoşbəxtlik gətirmir. Bütün nağıllardan fərqli olaraq, bu nağıl hüznlə bitir, şeytanın zəfər marşı səslənir, əsgər isə cəhənnəmə düşür.
Bir neçə hissin bir anda tüğyan etdiyi, hiddət və qorxu, kədər və əzmkarlıq, nifrət və məhəbbətin fonunda əsrarəngiz musiqi və bir mükəmməl çələngi xatırladan ansamblın ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Həmidə