Mayın 23-də maestro Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Rauf Hacıyev adına 15 saylı musiqi məktəbinin dəstəyi ilə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
Tədbiri məktəbin direktoru, Əməkdar müəllim Nadir Babayev açaraq, opera sənətimizin, musiqili teatrın təşkili və inkişafında böyük xidmətləri olan Zülfüqar Hacıbəyovun mədəniyyətimizə verdiyi töhfələrdən danışdı.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, musiqi mədəniyyətimizin fədailəri sırasında Z.Hacıbəyovun məxsusi yeri var. Bəstəkar "Əlli yaşında cavan", "Evli ikən subay" operettaları, “Aşıq Qərib” operası kimi irihəcmli əsərlərlə yanaşı, mahnı janrında da gözəl nümunələr yaradıb. Ötən əsrin 20-30-cu illərinin məşhur olan “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” ilk bəstəkar mahnıları hesab olunur. Klassik musiqi sahəsində də bəstəkarın zəhməti böyükdür. O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib, kantatalar yaradıb. 1935-ci ildə görkəmli dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən “Almaz” filminə musiqi yazıb.
Bəstəkar həmçinin Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biridir. Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyov 1950-ci ildə, 66 yaşında dünyasını dəyişib.
Çıxışlardan sonra Rauf Hacıyev adına 15 saylı musiqi məktəbinin VII sinif şagirdi Nəzrin Nəzirli və IV sinif şagirdi Şükür Ömərlinin ifalarında Niyazinin “Xoreoqrafiya valsı”, “Arzu” əsərləri, Z.Hacıbəyovun “Aşıq Qərib” operasından mahnı, IX sinif şagirdi Turanə Novruzovanın ifasında Z.Hacıbəyovun “Nüşabə” operasından rəqs, Svetlana Əhmədova və Günel Hüsüyevanın ifalarında (fortepianoda) Z.Hacıbəyov və Fikrət Əmirovun “Cəngi”, Niyazinin “Prelüdiya” və s. əsərlər səsləndirildi.

Savalan Fərəcov