Musiqiyə sevgidən danışanda iki istiqamət nəzərdə tutulur. Bir musiqiyə qulaq asıb ondan mənəvi qida alanlar, bir də gözəl musiqi yaratmağı bacaranlar. Musiqi yaratmaq bacarığı hər insana nəsib olan keyfiyyət deyil. Bu, böyük bir istedaddır ki, Tanrı onu ən çox sevdiyi bəndələrinə bəxş edir.
Belə simalardan biri də istedadı ilə xalqımızı dünyada əzmlə təmsil edən, UNESCO tərəfindən Azərbaycandan yeganə «Sülh artisti» mükafatına layiq görülən Xalq artisti, professor Firəngiz Əlizadədir. Onun özünəməxsus və fərqli musiqi dünyası var. Bu dünyaya o əvvəlcə pianoçu kimi daxil olmuş, sonralar isə öz əsərlərini yaratmaqla Azərbaycan professional musiqi xəzinəsini zənginləşdirmişdir.
Qara Qarayev məktəbinin layiqli davamçısı olan Firəngiz Əlizadə Azərbaycanda yeni musiqi cərəyanının aparıcı qüvvələrindən biridir. Onun sərhədləri aşan musiqisinin sevilməsinin əsas səbəbi sənətkarın öz peşəsinə olan sevgisindən irəli gəlir. Bu yerdə Qreq Dubinski imzalı musiqişünasın Firəngiz xanım haqqında fikirlərinə nəzər salaq. O, yazır: «Yer kürəsinin müxtəlif guşələrində mədəniyyətlərin, sivilizasiyaların bir-birinə zidd gəlməsi şəraitində Firəngiz Əlizadənin əsərləri barış rəmzi kimi çıxış edir. O, Azərbaycan musiqisinə və tarixinə xas olan Şərq və Qərb cinahlarını sintez edərək nadir musiqi dünyası yarada bilmişdir».
Belə yaradıcılıq irsinə malik olmağın başlıca səbəblərindən biri də daim axtarışda olmaqdır. Bu da sənətkarı başqalarından fərqləndirən ən ümdə cəhətidir. Firəngiz xanım haqqında nəşr olunan bir mənbəni qeyd etmək istərdim. Bu, türk dilində yeni işıq üzü görən “Firengiz Alizadenin müzik dünyası” kitabıdır. Belə bir kitabı hazırladıqlarına görə redaktor Ömər Kayhana və digər yaradıcı heyətə musiqi ictimaiyyəti adından çox sağ olun deyirik. Çünki kitab görkəmli bəstəkarın parlaq əməllərini bir daha türk dünyasına bəyan edir ki, bu da Azərbaycan musiqi mədəniyyəti üçün daha bir uğurdur. Ön sözdə qeyd olunan bir fikri olduğu kimi təqdim edirik: “Firengiz Alizade kendine, yaratıcılığına karşı çox sorumlu biri ve de sorumlu olduğu için hep başarı kazanmış. Başarının sırrını bir besteçi olarak saklamaz; hep öğrenmek, hep çalışmak ve öğrendiklerini öğrencilerine öğretmek...”
Bəli, Firəngiz xanım həm insani, həm də sənətə aid fərdi keyfiyyətləri ilə seçilən sənətkardır. Onun fəaliyyəti yalnız bəstəkarlıqla bitmir. Yaradıcılığının ilk dövründən bu günə qədər musiqi təbliğatçısı kimi də geniş fəaliyyəti ilə mədəniyyətimizə töhfələr bəxş edib. Bu mənada onun mahir pianoçu kimi hələ tələbəlik illərindən başlayan uğurları yenə də davam etməkdədir. Ən mötəbər beynəlxalq festivallarda pianoçu kimi çıxış edərək böyük nailiyyətlər qazanıb. O, Qərb bəstəkarlarının əsərlərinin fəal təbliğatçılarından biridir. Bundan başqa Azərbaycanda ilk qadın dirijoru kimi rəğbət qazanmaq da məhz Firəngiz xanıma qismət olub.
Firəngiz Əlizadə eyni zamanda ölkəmizin və dünyanın musiqi həyatından bəhs edən məqalələrin müəllifidir. Xalq musiqisinə, muğam janrına dərindən bələd olan bəstəkar bu intonasiyaları müasir musiqi dilinə ustalıqla çevirir. Firəngiz xanımın 2007-ci ildə «Muğam jurnalının» ilk nömrəsində nəşr olunan «Muğam sənəti dünya musiqisi konsekstində» məqaləsi bu baxımdan bariz nümunədir. Onun Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestrləşdirmə mövzusunda dissertasiyası (1994) və Qara Qarayev haqqında kitabı (1997) milli musiqişünaslıq elminə dəyərli töhfələrdir.
Bəstəkarın fəaliyyətinin bir şaxəsini də pedaqoji fəaliyyəti təşkil edir. Azərbaycanda, Türkiyədə, ABŞ-da, Almaniyada və digər ölkələrdə məhsuldar müəllimlik fəaliyyətini aparmış və aparmaqdadır.
Geniş yaradıcılıq irsinə malik olan Firəngiz Əlizadənin ictimai fəaliyyəti də çox təqdirəlayiqdir. Bir vaxtlar katibi olduğu Azərbaycan Bəstəkarlar İttifaqının artıq neçə ildir ki, sədridir. Bu illərdə Azərbaycan mədəniyyətinə bir çox uğurlar bəxş olunub ki, burada Bəstəkarlar İttifaqının da böyük rolu var. Firəngiz xanım respublikamızda keçirilən beynəlxalq musiqi festivallarında ictimai xadim və təşkilatçı kimi yaxından iştirak edir. «İpək yolu» beynəlxalq musiqi festivalı buna parlaq nümunədir.
Mayın 28-də ad gününü qeyd edən hörmətli sənətkarımıza cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, o, Azərbaycan və dünya musiqisinə hələ neçə-neçə töhfələr bəxş edəcək. Seyid Əzimin təbirincə desək: «Bir şəmi ki həqdən yana, heç bad ilə sönməz». Firəngiz xanım, Tanrının bəxş etdiyi sənət çırağınızın işığı daha nurlu və parlaq olsun.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru