Bu, kamandır - hər ecaza qabil Habil Kaman əlində!

Habil Kaman... Ritorik səslənib, patefonik melodiyalansa da, bu an belə bir qafiyə keçir könlümdən: aman! Habil Kaman və aman!..
Bu azman sənətkar haqda tez-tez işlədilən “məktəb” təşbehinə də bir qafiyə: Təb. Hə, hə, ustad aşıqlarsayağı, müasir meyxanaçılarvari bədahəti təb...


Vallah, hər and-amanla deyə bilərik ki, bu adam hər dəfə kəmanəni əlinə, kamanı dizinə alanadək, nəsə çalanadək fikirləşdiklərinin yarı-parasını çala, ya çalmaya. Hər hansı bir muğamın, mahnının “gül”ləri elə iş başındaca doğulur Habil kamanından. Yaz çiçəkləri kimi, may ləçəkləri sayaq pardaqlanır. Necə ki, bu möcüzəvi bəndənin özü də ayların nur dolu mayında - 1918-ci il doğumlu Cümhuriyyətimizin ad günündə göz açıb dünyaya. Amma həmin o 1927 on il sonrakı 1937-yə “təsnif” kimiymiş. Buna görə də, öncə -

Minor notlardan...

Yəni, tarixən tarın “züytutan”ı hesab olunmuş kamançamızı “filiallıq əsarətindən” azad etmiş ilk və hələlik son mogikanımızla Şərqdə ilk demokratik respublikamızı doğum adaşı etmiş 28 mayla bağlı bir balaca gəziş-gərdiş. Özü də bir az “Zabul”, bir gəz də elə “Habil segahı” üstdə...
Bu təkrarsız sənətkarımızın, kaman ifaçılığı cəngavərimizin “ismi-şərif” tərifinə başlarkən, onun doğumundan on qış sonrakı müdhiş repressiya zimistanı qələmin də qanını soyudur. Mübarək demokratiya baharımızdan doqquz yaz sonrakı ümummilli zimistan. Bu kimi təşbehlər, fikirlər bu an zikr etdiklərimin dəyərlərilə müqayisədə hələ yazılmamış, bəstələnməmiş, lentə alınmamış xəyali “Habil Kaman dəstgahı”na nisbətdə çalınmış bir bayatı...
Yüz belə yazı-pozuya sığışmayan bu sənətkar səksən yeddi il bundan irəli Ağdaşın Üçqovaq kəndində doğulub və səksən il öncə həmin rayon mərkəzindəki musiqi məktəbinə getdiyi günlərdən başlayıb bugünkü Habil Kaman azmanlığına. “Quruca ağac”a dilöyrətmənliyə. Elə özünün də can-cüssəcə qupquruluğundan - “bir sümük, bir dəri” olduğu vaxtlardan bir botanik cismə ibtidai sinif müəllimliyi, sonralarsa könül elmləri doktorluğu, qəlblər professorluğu, duyğular akademikliyi etməkliyə...
...Onun hər hansı bir ifasının dəminə düşüb xəyal edək; o illərdə onu çöl-bayırda görənlərdən hansı birinin ağlına gələrmiş ki, bu çəlimsiz uşaq Ağdaş - Dünya marşrutuyla “çalğı çomağı” dedikləri bu alətlə gəzmədiyi yer qalmayacaq. Dost-tanışlarından hansı biri anışdıra bilərdi ki, gün axşamacan tükü-tükə (praktik oxucularçün - tükü simə) sürtə-sürtə məşq edən bu “sehrbaz yeniyetmə” bir vaxtlar fəth edib təm-təkcə dayanacağı zirvəni səsləyirmiş. O kəslərdən hansı birisi kəsdirə bilərmiş ki, bu “yaman dalaşqan”, “barmaqları ucunda oynayan”, dolanışıq üçün hərdən qarpız-“qardalı” (qarğıdalı) satsa da, məhəlli oyunlarda heç vaxt “mən kimnənəm” kimi suallarla aşağılanmayıb, “kim mənnəndi” nidalarıyla liderlənən, hər söz-bezi, atmacanı göydə tutub, cavabını güllə kimi atan “titul”larıyla böyüyən bu tifil gəlib-gəlib “Korifey Habil Kaman” olacaq, çalıb-çalıb - böyük musiqi mədəniyyəti tariximizdə əbədi “virtuoz azman” adıyla qalacaq?..

Salam, Bakı!

Düz altmış iki il əvvəl deyildiyini güman etdiyim o salamın obyekti tək elə Bakı yox, bütün Azərbaycan, Yaxın Şərq və “uzaq” dünya! Habil nə yeniyetmə ikən festivala, nə gəncliyində ara-sıra gəzməyə, nə də 1952-ci ildə birdəfəlik gəldiyi bu paytaxta belə bir kəlam deməyib. Nə Ağdaşa “xudafiz” deyib, nə Bakıya “salam”. Amma elə şeylər, elə sözlər var ki, onları demirlər, dilə gətirmirlər, onları yalnız anlayır, sezir, duyurlar...
Deyim ki, bu sayaq duyğuların ayın-löyünləri yaman çoxdur. Onun çaldığı “Çahargah”ın gahları, “Şur”un cürləri qədər çox. “Heyratı”nın “heyrət ey büt”ləri, “Rast”ın saqi “tost”ları qədər uzun-füzun. “Segah”ın “zabul”uyca dalğın, “Mirzə Hüseyn”iycə coşqun, “yetim”iycə məhzun...
Bunları abstraktlığa yozmamalı. Ondan rahlaşıb-ruhlaşaq ki, bu “insafsız” adam altmış ildir bu “xalxı odsuz-ojaxsız” yandırıb-yaxır. Camaatın üstünə şimşək təki çaxıb, ildırım yağır. Kaman qaşlarını çatıb, əlindəki kəmanə-oxu dizi üstündəki kaman üzərinə qoyub, sinələrimizin solunu atəşə tutub, qırıb-çatır bizi. Bir ucqar, “periferik” valideyn cütlüyü bu kaman şahını yetirib-bitirən dövrlərədək başımız sir-siyasət imperatorlarından az çəkmişibmişmi ki, bu da sənət imperatoru?!
Yox, gəlin qınamayaq bu kamandanışdıran adamı. Bakıya gələnədək yalnız bir topa camaatın, o vaxtdansa bütün xalqın adamını. Belə bir vərə-vird eləyək ki, o vaxt Bakıya salam-kəlamsız düşmüş bu adam neçə illərdi xalqın sevgi-məhəbbət dolu salam-kalamını almağa macal tapa bilmir. Telefon zənglərini, məktubları, tərif-təltifləri layiqincə cavablandırmağa tamarzıdır. Bəzən, həddən ziyadə sürəkli alqışlara layiq-qarşılıq çala bilməyən əlinə və bu incə-mincə duyğunu şairanə ifadə edə bilməyən dilinə acığı da tutub; “Bəxtiyar kimi söz çala bilsəydim, özümü dünyanın bəxtiyarı sayardım!” - deyib. Əlbəttə, söhbət ona da şeir həsr etmiş Vahabzadə Bəxtiyardan gedir. Hər ikisi xeyli gənc imiş o şeirlə bu deyimi deyəndə. Maraqlıdır ki, o şeirdə də yuxarıdakı “bəs” ədatlı “niyə” sualı var:

Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Onun atəşinə od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Ağac hər atəşə alışan olur,
Bəs niyə alışmır belə bir oda?


Əslində, bu azman kaman ustadı barədə az şeir yazılmayıb. Kamançanın özünə dair isə... Bəs niyə? Yazımın başlanğıcında dedim axı, - Habil bu aləti “əsarəti-tar”dan qurtarıb, onu ayrıca bir ev-eşik edib. Bəyəm (artıq çalağan qonşumuzun da sahib çıxmaq istədiyi) bu halalımıza da Müşfiqanə bir “Oxu!..” möhürü vurub, nişanlamaq olmazmı?..
Bir vaxt paytaxta tay-tuşunun “yumrulu taxta” adlandırdığı kömköhnə bir kamança ilə əlbir gələn Habil Asəf Zeynallı adına Musiqi Məktəbində onunla tamam-kamal dilbir olmağa başlayıb. Hələ “tellərini yan darayan” bu oğlanın külçə istedadı, hər ənənəvi, köhnə xala yeni beçə balı qatmaq bacarığı Qurban Pirimov, Xan Şuşinski, Soltan Hacıbəyov kimi ustadları heyran qoyub... İlk günlər bu “kəndçi”nin “sınaq-ifa”sına qulaq asan Şəmsi Bədəlbəyli, Səid Rüstəmov və Niyazi ikinci kurs tələbəsi olan Habili M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası kimi ciddi bir sənət məbədində işə götürüblər. Bənzərsiz bənzərlər - Seyid və Xan Şuşinskilər, Həqiqət Rzayeva, Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sara Qədimova, Mütəllim Mütəllimov kimi ifa nəhəngləri məhz Habilin müşayiətçiliyi üstündə cəngi-Ərəbzəngi “davası” açıblar. Sənətinin dadı adından da tez çıxır bu “Kaman oğlan”ın. Sonra... toy-düyünlər. “Düyün” sözünü elə-belədən işlətmədim; valideynlər olurmuş ki, madarının ağrı-acısını ovutmaq üçün onu yas yerinə dəvət edib kamanına dil dedirdirmişlər...
Hələ ona “toy tutan” toy sifarişləri! Bu məsələdə “fil - üstündə bülbül” deyimini də xatırlayın. Belə ki, adətən xanəndəni “öz dəstəsi” ilə toya dəvət edirlər, bu ecazkar sazəndəni isə öz istədiyi xanəndə ilə çağırırdılar. Özü də ən azı bir-iki ay öncədən “beh”ləyərək. Baməzə dostlarından biri bu növbə basırığını “Habilin qəbul günləri” adlandırıbmış.

“İnsafsız”ın “vəfasız”lığı...

Yuxarıda-axarıda adlarını çəkdiyim ifa dədə-nənələrini, o sayaq nur məşhurları şur ilə müşayiətçilikdən, xalqın toy mərasimlərini rövnəqləndirməkdən uzaqlaşdığından yana belə yazdım bu sözləri. Mahiyyətcə sevgi, vurğunluq mənası daşısa da, bir az yana-yana yazdım. Bir qədər də - nə gizlətməli, yaşına görə belə yazdım. Yəni, iraq-iraq, nə vaxtsa...
Yaxşı, yaxın keçmişimizdə dünyasını dəyişən korifeylərimizi efirdə-ekranda bu Kaman Dədə “ağı”layırdı, bəs... neçə illər sonra onun özünü kim?.. Vay səni, gidi dünya!..
Nə sızlarsan, nə bozlarsan, aman kaman! Habil Kaman əlində ərzi-Zaman kaman! “Lalın dilini anası bilər” deyiblər. Bəs bu “çağır-çal”ın dilini? Hə, bu dili bu Atadan gözəl bilən nə ata var, nə ana!
Milyon yaşlı bu səslər, bu üyültülər, bu qımıltılar miniksiz-maşınsız bir piyadanın sürətilə necə də tez gəlib çatır bizlərə, aman Zaman!
“Habil” adlı doğma isim, dördcə sim və balaca bir him...
Bəyəm bunlar başqalarında yoxmu, qadam?..
Söz və hikmət Dədəmiz Qorqudun “gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” sözləri gəldi bu an eynimə. Habil Kaman Dədənin çalğıları haqda düşünüb-daşınanda o sözləri belə də alıram: çalımlı-qalımlı dünya...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar