Albomda Azərbaycan klassik musiqi nümunələri müasir üslubda və yeni improvizədə təqdim olunur

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında "QaraBağ: ZulfiqaRenatuS" diski işıq üzü görüb. Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn diskdə Azərbaycan klassik musiqi nümunələri saksafonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim olunur.

Albomda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Qara Qarayevin “Yeddi gözəl” baletindən və “Skripka və orkestr üçün konsert”indən parçalar, bəstəkar Zakir Bağırovun “Minatürlər, Andanito” əsərindən müqəddimə yer alıb. Daha bir impovizə Fərəc Qarayevin “Qobustan kölgələri” baleti, Zakir Bağırovun “Miniatürlər, mahnı və rəqs” və “İki ifaçı üçün sonata”sının sintezindən ərsəyə gətirilib. Altıncı nümunə isə Fərəc Qarayevin “Tristessa” əsərinin improvizə olunmuş yeni variantıdır.
Diskdə Azərbaycan klassik musiqisinin gözəl nümunələri indiyədək heç kəsin dinləmədiyi tərzdə və improvizədə lentə alınıb. Aranjemanın və səsləndirmənin, eyni zamanda səsyazmanın yüksək səviyyədə həyata keçirilməsi dinləyicilərdə xoş ovqat yaradır, onlarda Azərbaycan musiqisinin dərinliyi, incəliyi haqqında təəssürat formalaşdırır.
Bu nümunələrdə musiqisevərlər Azərbaycanın klassik, milli musiqi və cazının sintezindən yaranan yeni nəfəs hiss edəcəklər. Əsərlər üzərində improvizə işi o qədər yüksək səviyyədə aparılıb ki, nümunələrin əsli ilə improvizəsi arasında yeni ahəng qurulub. Saksafon və pianonun aydın duyulan melodiyası klassik simfonik əsərlərə fərqli ovqat qatıb. Eyni zamanda canlı ifanın peşəkarlığı dinləyicidə Azərbaycan musiqisinə heyranlıq hissi oyadır. Ümumilikdə, diskdə improvizə olunmuş əsərlərin ana qayəsi Azərbaycan musiqisinin gözəl nümunələrini dünyaya tanıtmaq, hamının anladığı və qəbul etdiyi musiqi dilinə çevirməkdir.
Albomda musiqi nümunələrinin müəllifləri haqqında da məlumat verilib. Həmçinin Zülfüqar Bağırov və Renato Diz tanıtım bukletində öz təəssüratlarını dinləyicilərlə bölüşüblər. Zülfüqar Bağırov “QaraBağ” albomunun qədim və əzəli torpaqlarımıza həsr olunduğunu vurğulayır və qeyd edir ki, Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Renato Diz isə diskin ərsəyə gəlməsi prosesindən, iki musiqiçi arasında yaranan metafizik bağlantıdan söhbət açır, klassik Azərbaycan musiqisinə heyranlığını ifadə edir.
Qeyd edək ki, Zülfüqar Bağırov görkəmli bəstəkarlar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir.
"QaraBağ: ZulfiqaRenatuS" diskini əldə etmək istəyənlər linkinə daxil ola bilərlər.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar