Milli mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılmasında müstəsna xidmətlər göstərən Heydər Əliyev Fondunun növbəti layihəsi Avropa mədəniyyətinin və Qərb sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanın paytaxtında gerçəkləşib. İyunun 6-da Afinanın “Meqaro Muzikis” kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. Qeyd edilib ki, bu konsert son dörd ildə Yunanıstanda gerçəkləşən sayca doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan incəsənətinə artan marağı nəzərə alınaraq, bu silsilədən olan layihələr davam etdiriləcək.
Sonra səhnə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan musiqiçilərinə verilib. Klassik musiqi axşamında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib.
Xanəndələr Arzu Əliyeva, Məftun Səfərli muğamlarımızı, Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) çıxışları, tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli “Sertaki” rəqsinin sintezindən ibarət kompozisiyası da sürəkli alqışlarla qarşılanıb.