Xan Şuşinski adına muğam festivalına start verildi

İyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin 2014-cü il üçün iş planına uyğun olaraq uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı başlanıb.

Festivalın əsas məqsədi muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması və onların dəstəklənməsidir. Yarışmada iştirak üçün 250-yə yaxın şagird qeydiyyatdan keçib. Festival iki qrup (I qrup - 5 illik təhsil üzrə II-IV siniflər; II qrup - 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər) üzrə keçirilir. İfa proqramlarına Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, muğamlar, o cümlədən zərb muğamlar daxil edilib.
Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti Aygün Bayramova (sədr), konservatoriyanın müəllimləri - Xalq artisti Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova, Firuz Səxavət və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirir.
İştirakçıların çıxışları iyunun 19-dək dinləniləcək və festival qaliblərinin yekun konserti iyun ayının sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.