Görkəmli sənətkarın adını daşıyan məktəbin yetirmələri konsert proqramı ilə çıxış ediblər

İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında unudulmaz sənətkar, görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilib. Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad ediblər.

Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirdləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış edib. Konsert proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Həqiqət Rzayevin əsərləri ilə yanaşı, bir sıra Avropa və rus bəstəkarlarının yaradıcılığından nümunələr də daxil edilib.
Konsertdə məktəbin şagirdlərinin fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərinin ifası da alqışlarla qarşılanıb. Gecədə məktəbin şagirdləri, Prezident təqaüdçüləri, respublika müsabiqələri laureatları və diplomantları, həmçinin skripkaçalanlar ansamblı iştirak ediblər. Həmçinin 2013-cü ildə “Junior Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental ifası dinlənilib.
Məktəbin məzunu Sadıq Məlikovun (vokal) ifasında ölməz sənətkar Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlanıb.
Sonra məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva çıxış edərək böyük sənətkar Rəşid Behbudovun yaradıcısı olduğu Azərbaycan Dövlət Mahnı Teatrının rəhbərliyinə məktəbin kollektivi adından təşəkkürünü bildirib. Qeyd olunub ki, hər il iyunun 9-da - görkəmli müğənninin xatirə günündə onun adını daşıyan musiqi məktəbinin şagirdlərinə rəhbərlik tərəfindən geniş imkan yaradılır. Direktor konsertdə iştirak edən bütün şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulayıb.
Sonda Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirilib və zalda əyləşən qonaqlar ayağa qalxaraq bu ecazkar musiqinin sədaları altında unudulmaz sənətkarın xatirəsini yad ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar