Festivalda Azərbaycan, Hindistan, Çin, Türkiyə və Rusiyanın kollektivləri iştirak edir

İyulun 1-də Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı başlayıb. 2010-cu ildən ənənəvi olaraq keçirilən festival yenə dünyanın müxtəlif ölkələrindən sənətçiləri bir araya gətirib.

İyulun 5-dək davam edəcək budəfəki musiqi bayramında Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

“İpək Yolu” Şəkini dünyaya tanıdır

Festivalın açılış mərasimi Şəkidə ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan “Aşağı Karvansaray” kompleksində keçirilib. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” festivalının musiqisevərlərin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildiriblər. Qeyd olunub ki, artıq beşinci dəfə keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür.
Bildirilib ki, bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır. Festivalın konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq”, - deyə bildirmişdi. Bu mənada, tarixi sənət və mədəniyyət mərkəzi olan Şəkidə gözəl ənənəyə çevrilən “İpək Yolu” beynəlxalq musiqi festivalının keçirilməsi olduqca əhəmiyyətlidir.

Musiqi bayramına "Rast" baleti ilə start verilib

Açılışdan sonra görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin eyniadlı simfonik muğamı əsasında səhnələşdirilmiş "Rast" baleti nümayiş etdirilib. Balet janrı tarixində ilk dəfə olaraq, əsərdə rəqsləri muğamla simfonik musiqinin üzvi vəhdətindən yaranmış qeyri-adi səs palitrası müşayiət edir. Niyazinin ecazkar musiqisi, orijinal xoreoqrafik quruluş tamaşanı Azərbaycanın mədəni həyatında yaddaqalan hadisələrdən birinə çevirib.
Əsərin quruluşçu baletmeysteri Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssamı Dövlət mükafatı laureatı Rafis İsmayılovdur. Tomris rolunda Xalq artisti, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı Kamilla Hüseynova, Şah rolunda Anar Mikayılov, Banu rolunda Əməkdar artist Yelena Skomoroşenko, Atr rolunda Xalq artisti Gülağası Mirzəyev çıxış ediblər.
Festival çərçivəsində Hindistan və Çindən gəlmiş kollektivlər, İstanbulun tanınmış “Modern folk topluluğu” maraqlı proqramla çıxış edəcək. Həmçinin TÜRKSOY-un hazırladığı “Defile-11” proqramı - türkdilli ölkələrin milli geyimlərinin müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən konsert təqdim ediləcək. Bundan əlavə, festivalın sonuncu günündə Sankt-Peterburq “Ermitaj” simfonik orkestrinin (Rusiya) konserti gözlənilir. Həmçinin Azərbaycandan Dövlət Akademik Opera və Balet Teatrı, Qədim Musiqi Alətləri Ansamblı, Marionet Teatrı çıxış edəcək, azərbaycanlı vokalçılar öz məharətlərini göstərəcəklər.
Festival günlərində TÜRKSOY-un Şəkidə keçirilən “Rəssamlar görüşü”nə də yekun vurulacaq, iştirakçılar Şəkinin təbii gözəlliklərindən, tarixi-mədəni abidələrindən ilhamlanaraq yaratdıqları tabloları təqdim edəcəklər.

TÜRKSOY-un baş katibi: “Şəkidə olmağımdan məmnunam”

Festivalın qonaqları sırasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov da var. İyulun 1-də Şəkiyə gələn qonaqla şəhər İcra Hakimiyyətində görüş keçirilib.
İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonağın diqqətinə çatdırıb ki, artıq beşinci ildir bu qədim şəhərdə möhtəşəm musiqi bayramı - “İpək Yolu” beynəlxalq musiqi festivalı keçirilir. Sevindirici haldır ki, builki festivalda TÜRKSOY-un hazırladığı konsert də təqdim ediləcək. Türk dünyası rəssamlarının sərgisi də tədbirə əlavə rəng qatacaq. Qonağa “İpək Yolu” beynəlxalq musiqi festivalının proqramı barədə məlumat verilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə ilk dəfə olduğunu, belə bir möhtəşəm musiqi bayramında iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar