“İnanıram ki, bu uşaqların sırasından Azərbaycan muğamının inkişafında xidmətləri olacaq xanəndələr çıxacaq”

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə iyunun 11-dən 19-dək Bakıda uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirilib. Layihə muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədi daşıyır.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilən festivala iki qrup (I qrup - 5 illik təhsil üzrə II-IV siniflər, II qrup - 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər) üzrə keçirilib. Festivalda 250-yə yaxın şagird iştirak edib. İştirakçıların ifa proqramlarına Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları və muğamlar daxil idi.
İyunun 25-də Beynəlxalq Muğam Mərkəzində festival qaliblərinin mükafatlandırılması və iştirakçıların yekun konserti keçirildi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov bu cür festivalların muğam sənətinin inkişafına müsbət təsirindən danışdı. Bildirdi ki, qalibləri peşəkar muğam ifaçıları seçib: “Ölkəmizdə digər sahələrə olduğu kimi, mədəniyyətə, incəsənətə, xalq yaradıcılığına, muğama da böyük qayğı və diqqət göstərilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəniyyətimizin tanıdılması, təbliği və inkişafı naminə böyük işlər görürlər. Bizim də bu festivalı keçirməkdə məqsədimiz zəngin tarixə malik muğam sənətimizin inkişafına çalışmaqdır. İstəyirik ki, belə festivalları davamlı olaraq keçirək. Bu festival iştirakçıların muğam sahəsinə daha ciddi yanaşmalarına stimul verəcək. İnanıram ki, bu uşaqların sırasından Azərbaycan muğamının inkişafında xidmətləri olacaq xanəndələrimiz yetişəcək”.
Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev mədəniyyətin təbliğində musiqinin önəmli rolundan danışdı. Qeyd olundu ki, ölkəmizdə musiqi, incəsənət təhsili sahəsində uğurlu addımlar atılmaqdadır. Keçirilən müsabiqələr, sərgilər, festivallar Azərbaycan mədəniyyətinin inkişafının təmin olunması məqsədi daşıyır. Bu uşaqların çıxışları da muğam sənətimizin gələcəyinin işıqlı olduğunu göstərir.
Xan Şuşinski adına fondun rəhbəri, festivalın münsiflər heyətinin üzvü Bəyimxanım Verdiyeva əsrlərin sınağından uğurla çıxıb bu günümüzə gələn Azərbaycan muğam ifaçılığının dünyanın mədəni irs siyahısında öz layiqli yerini aldığını vurğuladı.
Münsiflər heyətinin sədri - Xalq artisti Aygün Bayramova, münsiflər - Xalq artisti Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova və Firuz Səxavət çıxış edərək uşaqların muğamın sirlərinə yiyələnmələri üçün daim yardımçı olacaqlarını dilə gətirdilər, onlara bu sahədə uğurlar arzuladılar.
Daha sonra müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olundu. Beynəlxalq festivallar laureatı “Aypara” instrumental ansamblının müşayiəti ilə qalib iştirakçıların ifasında konsert proqramı təqdim olundu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar