İtaliyalı müğənni Bakıda gənc vokalçı Emin Eminzadə ilə birgə konsert verəcək

Məşhur italyan müğənnisi Robertino Lorettinin erməni işğalı altındakı Xankəndində planlaşdırılan konserti baş tutmayacaq. Bu barədə qəzetimizə müğənninin yaxın dostu, azərbaycanlı gənc vokalçı Emin Eminzadə məlumat verdi. Onun sözlərinə görə, Robertino Loretti Rusiyanın Nijni-Novqorod şəhərində yaşayan Akopyan soyadlı 14 yaşlı erməni vokalçının dəvəti ilə iyunun 19-da Xankəndində konsert verməli imiş. Daha öncə italiyalı müğənni ilə bir səhnədə çıxış edən erməni vokalçı ona guya babalarının vaxtilə Xankəndində yaşadığını və onların xatirəsini anmaq üçün orada Loretti ilə konsert vermək istədiyini bildirib. Bu xəbərlər yayılandan sonra italyan müğənni ölkəmizin Romadakı səfirliyinə dəvət edilib və ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilib, işğal altındakı əraziyə səfərin qanunazidd olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən şəxsin adı xüsusi siyahıya salınır və həmin şəxs daha sonra heç vaxt Azərbaycana gələ bilməz.
Emin əslən Qubadlıdandır. O, ata-baba yurdunun ermənilər tərəfindən işğal edilməsi, işğal nəticəsində 1 milyon azərbaycanlının doğma yurdlarından didərgin düşməsi barədə italyan müğənniyə dəfələrlə danışdığını deyir: “Robertino bizim evdə, babamgildə olub. Amma, görünür, ermənilər ona yanlış məlumatlar veriblər. Şükürlər olsun ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin və İtaliyadakı səfirliyimizin fəaliyyəti nəticəsində bu konsert baş tutmadı. İyunun 18-də Robertino Loretti ilə telefonla danışdım. O mənə bildirdi ki, Xankəndindəki tədbirdə iştirak etməyəcək. Bu xəbəri Xarici İşlər Nazirliyinin və İtaliyadakı səfirliyimizin birgə məlumatı da təsdiq edir. Məlumatda bildirilir ki, Robertino Loretti Dağlıq Qarabağda təşkil olunan konsertdən imtina edib».
Qeyd edək ki, Emin Eminzadə vokal ifaçısı kimi artıq bütün dünyada tanınır. Görünür, onun əldə etdiyi uğurları ermənilər sindirə bilmirlər. İtaliyalı müğənni onunla bir neçə dəfə (o cümlədən Bakıda) eyni səhnəni bölüşən Emini «Azərbaycanın Robertinosu» adlandırıb. 2011-ci ildə Rusiya hökuməti tərəfindən Robertino Lorettinin 65 illik yubileyi keçirilərkən o, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə məktub yazaraq, özünün davamçısı hesab etdiyi Emin Eminzadəni bu tədbirdə görmək və onunla duet oxumaq istədiyini bildirib. Nazir Əbülfəs Qarayevin göstərişi ilə Eminin yubiley konsertində iştirakı təmin edilib.
Bizimlə söhbətdə Emin onu da bildirdi ki, yaxın vaxtlarda Robertino Loretti yenə Bakıya gələcək və onunla birlikdə konsert verəcəklər: «Proqramda bizim duetimiz də olacaq. Mən italyanca mahnılar ifa edəcəyəm. İstəyirəm ki, o da azərbaycanca mahnı oxusun. Artıq mahnı hazırdır».
Yeri gəlmişkən, beynəlxalq müsabiqələrin qalibi Emin Eminzadə bu günlərdə Avropada daha bir uğura imza atıb. O, iyunun 6-dan 9-dək Hollandiyanın Rotterdam şəhərində keçirilən «Multifestival Europe-2014» beynəlxalq festivalında iştirak edən musiqiçi laureat adını qazanıb. Səfər təəssüratlarını bizimlə bölüşən Emin bildirdi ki, festival təşkilatçıları tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə rəsmi məktub göndərilib. Nazirlik də bu tədbirdə çıxış etmək üçün ona dəstək olub: «Bu festivalda iştirakıma şərait yaratdıqlarına görə Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən cənab nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Həmçinin təhsil aldığım G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin rəhbərliyinə, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovaya da minnətdaram. Çünki buraxılış imtahanlarımla üst-üstə düşdüyünə görə festivala qatılmaya da bilərdim. Amma onlar mənim bu tədbirdə iştirakıma imkan yaratdılar».
Gənc vokalçı qeyd etdi ki, festivalda 15 ölkə, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan kimi türkdilli dövlətlər təmsil olunub: «Festivalın açılışını mən etdim və «Sarı gəlin» mahnısını oxudum. Ardınca Müslüm Maqomayevin «Azərbaycan» əsərini ifa etdim. Sibel Can, Selcan Orhan kimi tanınmış türkiyəli sənətçilərlə səhnəni bölüşmək imkanım oldu. Həmçinin yeni albomumdan 3-4 dildə mahnıları ifa etdim».
Rus və ingilis dillərində sərbəst danışan Emin ispan və italyan dillərini də öyrənir. Onun sözlərinə görə, bunlar vokal ifaçısı üçün vacib şərtdir. Həmsöhbətim Rotterdam festivalında Hollandiyadakı diaspor nümayəndələrimizin ona dəstək verdiklərini bildirdi: «Avropada Azərbaycan diasporunun tanınan simalarından Əli Həsənov, Aydın Abdullayev, Elman Mustafazadə mənə çox dəstək oldular. İyunun 10-da Haaqa şəhərinə getdik. Hollandiya-Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri İlhan Aşkınla görüşümüz oldu. Məni çox səmimiyyətlə qarşıladı və mükafatla təltif etdi. Həmçinin bu şəhərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdim».
Qeyd edək ki, festivalın keçirildiyi «Ahoy Arena»da Cennifer Lopez kimi məşhurlar da səhnə alıblar. Emin Hollandiya və Avropanın ən məşhur arenalarından birində çıxış etdiyinə görə özünü xoşbəxt hesab edir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar