Beynəlxalq festivalda türk xalqlarının musiqiləri və milli geyimləri nümayiş olundu
Şəkidə “İpək Yolu” V beynəlxalq musiqi festivalı davam edir. Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən festivalın üçüncü günü, iyulun 3-də dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının konserti oldu.
Konsertdən öncə kollektiv haqqında məlumat verildi. Bildirildi ki, ansambl 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradıcısı Xalq artisti, professor Məcnun Kərimov olub. O, ömrünün sonuna qədər (2013) qrupun bədii rəhbəri olub. Ansamblın bənzərsizliyi onun tərkibinin orta əsrlərdə Azərbaycanda istifadə olunmuş və sonralar unudulmuş qədim musiqi alətlərindən - çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır. Ansamblın üzvləri musiqiləri qədim milli geyimlərdə ifa edirlər.
Azərbaycanın musiqi mədəniyyətini beynəlxalq səviyyədə layiqincə təmsil edən ansambl 1997-ci ildə Şotlandiyanın Edinburq şəhərində beynəlxalq simpoziumda, 2002-ci ildə Fransada orta əsr musiqisinə həsr olunmuş festivalda, Strasburqda, UNESCO-nun Parisdəki iqamətgahında keçirilən tədbirlərdə iştirak edib. 2005-ci ildə keçirilən “Qəlblərin səsi” beynəlxalq festivalında, eləcə də Türkiyə, Küveyt, İordaniya, ABŞ, Almaniya, Avstriya, Macarıstan və digər ölkələrdə festival və konsertlərdə iştirak edərək diplomlara layiq görülüb. Hazırda ansamblın bədii rəhbəri, Əməkdar artist Munis Şərifovdur. O həm də çəqanə, ney, kaman alətlərinin mahir ifaçısı kimi tanınır.
Təqdimatdan sonra konsert proqramı təqdim olundu. Ansamblın solistləri - əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanovun, gənc xanəndə Samir Əliyevin ifasında qədim musiqilər, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edildi.
Həmin gün Şəkidəki “Yay teatrı”nda festivalın daha bir tədbiri keçirildi. TÜRKSOY-un təşkilatçılığı ilə türk xalqlarının geyimlərindən ibarət defile (moda nümayişi) rəngli görüntülərə səhnə oldu. Gecədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının modelyer-dizaynerlərinin əl işləri nümayiş etdirildi. Layihənin məqsədi türk dünyası dizaynerlərinin hazırladıqları milli geyim nümunələrini təbliğ etməkdir. Defiledə türk dünyasının rəngarəngliyini nümayiş etdirən etnik dizayn modelləri və geyimlər yer almışdı. Bir-birindən maraqlı, qədim elementlərlə zəngin və bir qədər müasirləşdirilmiş milli geyimlərin təqdimatı hər kəsdə xoş təəssürat yaratdı. Geyimlərin nümayişinin türk xalqlarının milli musiqiləri və rəqslərinin ifası ilə müşayiət olunması gecəyə xüsusi rəng qatdı.
Mehparə