İyunun 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Şuşa rayon uşaq incəsənət və musiqi məktəblərinin konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbir iştirakçılarını ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bayram münasibətilə təbrik ediblər, bu əlamətdar günün tarixindən söz açıblar.
Bildirilib ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil dövlətçiliyimizi xilas etdi, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bu, böyük ürəkli Azərbaycan oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, beynəlxalq əlaqələrində dönüş yaratdı, respublikamızda sabitlik bərqərar oldu, iqtisadiyyat inkişaf etməyə, xalqın həyat səviyyəsi yüksəlməyə başladı. Ulu öndər bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək 1994-cü ilin mayında atəşkəs haqqında razılaşmanın əldə edilməsinə, qanlı müharibənin dayandırılmasına nail oldu. Sonrakı dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanın güclü ordusu formalaşdırılıb. Bu gün Silahlı Qüvvələrimiz vətən torpaqlarını işğaldan azad etməyə hazırdır.
Çıxışlarda vurğulanıb ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin siyasi xəttini uğurla davam etdirir, ölkəmiz dinamik şəkildə inkişaf edir. Dövlət başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, indi respublikamız dünyanın qabaqcıl ölkələri sırasındadır.
Sonra tədbir Şuşa rayon uşaq incəsənət və musiqi məktəblərinin, Şuşa musiqi və humanitar kolleclərinin konsert proqramı ilə davam edib.
Konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, rəqslər ifa edilib. Yeniyetmə ifaçıların çıxışları alqışlarla qarşılanıb.