Barmaqların sehrində yaşayan qızın nağılı

Bu nağıl indi bizə uzaq, nisgil, kədər nəğmələri kimi oxunan muğamın, musiqinin beşiyi Qarabağdan, Ağdamdan, ulu babalarımızın heç vaxt bizi tərk etməyən nəfəsindən başlayır. Yəni ənənəvi “biri vardı, biri yoxdu”da nurani babaların, ağbirçək nənələrin, ismətli anaların, həyalı qızların hərarəti, şücaəti əfsanəyə dönən ərlərin, ərənlərin nərəsi var. O səs, gerçək nağıllar hələ uzun əsrlər eyni sevgi və sayğı ilə dinəcək, biz əbədiyyət, sonu xoş notlarla bitən hələ çox nağıllar yaradacağıq. Çünki onu danışan, danışdıran böyük bir xalq və onun uludan ulu mədəniyyəti, incəsənəti, ruhunun hər halında - kədərdən sevincə, “ələmdən nəşəyə” əsas bələdçisi musiqimiz var.
Bu dəfə yeni bir nəfəsin, nənəsinin “göydən üç alma düşdü...” sözləri ilə mürgüləyən, oxşamalarına sevinən, beləcə, şipşirin uşaqlığından yenicə ayılan Fəridənin nağılını danışacağıq. Gerçək, fərəhli, maraqlı və şirin nağılda Ağdamdan başlanan yol, “Sovetski”dən qopub incəsənət aləminə açılan cığır və kövrək addımların parıltılı səhnələrə daşıdığı cəsarət nişanəsi var. Bu qanunçalan qız nağılının qəhrəmanı Fəridə Rüstəmovanı tanımağa, kövrək arzularına qulaq verməyə, yaşından, boy-biçimindən çox böyük sənət ideallarına işıq tutmağa dəyər.
Onu uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan yekun konsertində dinlədim. Fəridə və onun yaşıdlarının müxtəlif musiqi alətlərində mükəmməl ifası məni fərəhləndirdi. Əmin oldum ki, milli musiqimizin sabahı etibarlı əllərdədir...
Təntənəli mərasimdə qaliblərin mükafatlandırılmasının ardınca düzənlənən konserti alqışladıqdan sonra ağır, həm də mürəkkəb olan qanun alətində ifa edən bu sısqa qızcığaz diqqətimi xüsusilə cəlb etdi. Ona görə də elə foyedəcə onu, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi Fəridə Rüstəmovanı söhbətə tutdum: “Biz Ağdamın Mahrızlı kəndindənik. Mənfur ermənilərin zərbələrə məruz qoyduğu dədə-baba yurdumuzu tərk edən valideynlərim Bakıya üz tutdu, “Sovetski” deyilən ərazidə məskunlaşdı. Evimiz İ.Əbilov adına Mədəniyyət mərkəzinə çox yaxındır. Ona görə də uşaqlıqdan oradan ucalan musiqi sədaları, müxtəlif sənətkarların o mərkəzin qapısından içəri daxil olması mənim də diqqətimi cəlb edirdi. Bilmirəm, yəqin burada Ağdam adlı musiqi beşiyindən olmağımın, onun iliyimizə, qanımıza hopan milli musiqi, muğam sehrinin də böyük təsiri var idi. Hər nə səbəb olubsa, bilmirəm, amma içimdə coşan bir səs elə hey heç özümə də tam aydın olmayan bir nəğməni zümzümə edirdi. Bunu hiss edən atam özünün də musiqi vurğunluğunu nəzərə alıb məni bu sənət yoluna istiqamətləndirdi. Əlimdən tutub İncəsənət Gimnaziyasına gətirdi. Həmin vaxt qızğın imtahan gedirdi. Yaşıdlarım müxtəlif alətlər üzrə imtahan verirdilər. Mənim 6 yaşım var idi və təbii ki, uşaq fəhmimlə, çoxluğun marağına görə fortepiano alətində ifa etmək istədiyimi bildirdim. Bu arzumu eşidən müəllimlərdən biri (sonradan bildim ki, o, Milli Konservatoriyanın rektoru, professor, görkəmli bəstəkar, Xalq artisti Siyavuş Kərimi imiş) mənə diqqətlə baxdı və atama “Bu qızın qəribə gözləri var, hiss olunur ki, istedadlı və çox həvəslidir. Düşünürəm ki, qanun kimi milli və qədim musiqi alətində ifası daha uğurlu alınar. Həm də bu alətə nədənsə maraq azdır. İnanıram ki, bu qızımız özünü qanun alətində sınasa yaxşı olar”, - dedi və beləliklə, mənim qanunla ünsiyyətim başladı.
Fəridə əvvəllər bu alətdə ifanın, onun ağırlığının, sim sayının çoxluğunun çətin göründüyünü desə də, sonradan ən yaxın dostu və sirdaşına çevrilib. Deyir, əvvəllər hər şey ona çətin təsir bağışlayıb: “Sonra zaman keçdi, sinifdən sinfə adladım, bir sıra konsertlərə qatıldım və anladım ki, mən əslində musiqisiz yaşaya bilmərəm”.
O, üzvü olduğu musiqi kollektivləri və müsabiqələrə gedən uğurlu yolundan da bəhs etdi: “5-ci sinifdə oxuyurdum. İ.Əbilov adına Mədəniyyət sarayına getdim və orada bədii rəhbər Mirəhməd Əsgərov məni dinlədi. Əvvəlcə mərkəzin “Qağayı” məktəblilər ansamblında bir çox konsertlərdə iştirak etdim. Sonra gözəl tarzənimiz, Xalq artisti Zamiq Əliyevin bədii rəhbərlik etdiyi “Şəlalə” xalq çalğı alətləri ansamblında çıxışlarımı davam etdirdim. İfamı bəyənən Xalq artisti məni öz ansamblına daxil etdi və onlarla birlikdə bir neçə telekanalda konsertlərdə iştirak etdim”.
Beləcə, zəhmət və sevgisi, inadkarlıq və əzmi ilə sənət yolunda yaşıdları arasında seçilib, müxtəlif respublika və beynəlxalq müsabiqələrə qatılıb, çoxsaylı nailiyyətlərə imza atıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi ənənəvi müsabiqələrdə laureat adı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar uşaq musiqi məktəbləri şagirdlərinin respublika müsabiqəsində birinci dərəcəli diplom, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsində birincilik, Sankt-Peterburqda yeniyetmə ifaçıların beynəlxalq müsabiqəsində “Qran-pri”...
Bu günlərdə respublika müsabiqəsində qazandığı birinciliyin həyəcanı içində olan gənc ifaçı söhbətə davam etdi: “Bu gün həyatımda unudulmaz bir gündür. Mən sadə əməkçi ailəsində doğulsam da, dövlətimizin qayğısı ilə sənət təhsili alır, qabiliyyətimi inkişaf etdirirəm. Bu işdə müəllimlərimin əməyini heç vaxt unutmaram, onlara sonsuz minnətdarlığımı bildirirəm. Qanun ifaçılığı üzrə müəllimim Natəvan Həsənova, konsertmeysterimiz Svetlana Əhmədova bu sənətdə yetişməyim, ifamı mükəmməlləşdirməyim üçün əllərindən gələni edirlər”.
Müsabiqənin münsiflər heyətinin sədri, görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev də Fəridənin istedadını yüksək qiymətləndirdi, onun qədim musiqi alətində ifasının və uğurlara imza atmasının qürurverici olduğunu dedi: “Qanun bizim ən qədim və gözəl milli musiqi alətlərimizdən biridir. Fəridənin bu unikal alətə marağını və istedadlı ifasını nəzərə alıb deyə bilərəm ki, o, bundan sonra da uğur qazanacaq. Ona bu yolda yeni nailiyyətlər arzulayır və gələcəkdə seçkin, barmaqla sayılacaq qanun ifaçılarından olacağına inanıram”.
Ustad sənətkardan bu sözləri eşidən Fəridə, deyəsən, bir az da ürəkləndi. Sənət, gələcək hədəflər, təhsil və planlar barədə arzularını həvəslə dilə gətirdi və ürəyində onların reallaşacağına həm inandı, həm də inandırdı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar