İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı keçirilir. Bu il Artıq 48-ci dəfə gerçəkləşən və dünyanın ən məşhur, virtuoz ifaçılarını bir araya gətirən musiqi bayramında Azərbaycan yenə də geniş şəkildə təmsil olunur. Üç ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu festivalın rəsmi tərəfdaşlarındandır.

İyulun 6-da festival çərçivəsində Xalq artisti, dünya şöhrətli muğam ifaçımız Alim Qasımovun konserti təşkil edilib. Proqramda bir ay əvvəlcədən elan edilən və anşlaqla keçən konsertdə Azərbaycan muğamı böyük maraqla qarşılanıb.
Həmin gün Montrö festivalının iştirakçılarına Azərbaycanın adından ziyafət verilib. Gecədə İsveçrədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Qonaqlar arasında Montrö festivalının icraçı direktoru Matyö Jaton, Dünya İqtisadi Forumunun tədbirlər və xidmətlər üzrə baş direktoru Jan Lu Deneria, İsveçrə Baş Assambleyasının Xristian Demokrat Partiyasından olan üzvü Filippo Lombardi, UEFA-nın nümayəndəsi David Petriaşvili də olub. Gecədə Əməkdar artist Emil Əfrasiyab konsert proqramı ilə çıxış edib.
İyulun 19-dək davam edəcək festival günlərində gənc virtuoz ifaçı, 2009-cu il Montrö festivalının qalibi, Əməkdar artist İsfar Sarabski, Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” qrupunun və məşhur saksofon ifaçısı Meseo Parkerin birgə konsertləri, həmçinin Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun çıxışları olacaq. Bununla yanaşı, Natiq Şirinov nağara, Coşqun Sadıqov isə balaban üzrə ustad dərsləri keçəcəklər.
Dünya mədəniyyət aləminin diqqət mərkəzində olan və maraqla izlənilən bu nüfuzlu tədbirdə ölkəmizin peşəkar musiqiçilərlə təmsil edilməsi, heç şübhəsiz, Azərbaycan musiqi sənəti haqqında təsəvvürü daha da genişləndirəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar