Xəbər verdiyimiz kimi, iyulun 1-dən 5-dək Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçirildi. Festivalın son iki günü Azərbaycan və xarici ölkələrdən olan iştirakçılar maraqlı proqramlar təqdim etdilər.

“Arşın mal alan” marionet-kuklaların ifasında

İyulun 4-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında tamaşaçılara Bakı Marionet Teatrının dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olundu.
Nümayişdən öncə teatrın fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, teatr 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb. Bakı Marionet Teatrı hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərir. Teatr indiyədək “Arşın mal alan” musiqili komediyasının marionet tamaşasını müxtəlif ölkələrdə - Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrədə uğurla nümayiş etdirib.
Sonra marionet-kuklalarının canlandırdığı “Arşın mal alan” tamaşası təqdim olundu. Maraqla qarşılanan səhnə əsəri başa çatandan sonra kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olundu.

“Çin - müxtəlif rənglər işığında”

Həmin gün “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti oldu. “Çin - müxtəlif rənglər işığında” adlı proqramın təqdimatından əvvəl kollektivin rəhbəri Jan Ya Fonq çıxış edərək bu gözəl musiqi festivalına dəvət aldıqlarına görə təşkilatçılara təşəkkür etdi.
Qeyd edək ki, Çin opera teatrı özündə musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini üzvi şəkildə birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etməlidirlər. Cilalanmış xüsusi vokal, rəqs və hərb sənəti elementləri ilə məşhur olan kollektiv müxtəlif ölkələrdə mədəni layihələrdə iştirak edib, beynəlxalq müsabiqələrin qalibi olub. Azərbaycanda ilk dəfə çıxış edən ansamblın təqdim etdiyi proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sonda kollektivə festivalın xatirə hədiyyələri təqdim edildi.

“Eurovision” ulduzlarının qala-konserti

“İpək Yolu” musiqi festivalı bu il “Eurovision” müsabiqəsi iştirakçılarının qala-konserti ilə də yadda qaldı. İyulun 5-də “Yay teatrı”nda gerçəkləşən konsertdə tamaşaçılar müxtəlif illərdə “Eurovision” mahnı müsabiqələrində iştirak etmiş Fərid Məmmədov, Dilarə Kazımova və digər ifaçıların çıxışlarını maraqla izlədilər. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared” mahnısı isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Növbəti festivalda görüşənədək!

İyulun 5-də “Aşağı Karvansaray” kompleksində festivalın son konserti və təntənəli bağlanış mərasimi oldu. Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri (Rusiya) Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etdi. Bu, muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. 1994-cü ildə “Ermitaj” dövlət simfonik orkestri statusu alan kollektiv Rusiya və xarici ölkələrin bir çox mötəbər konsert salonlarında çıxış edib. Azərbaycana ilk dəfə gələn orkestr sənətsevərlər qarşısında dirijor Arkadiy Şteynluxtin rəhbərliyi ilə çıxış etdi. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifasında Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası alqışlarla qarşılandı.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu vurğulayaraq onun keçirilməsində zəhməti olan qurumlara və bütün iştirakçılara təşəkkür etdi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və ictimai birliyin rəhbərinə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olundu.
Beləcə, “İpək Yolu” beynəlxalq musiqi festivalı yenidən Şəkidə sənətsevərləri bir araya gətirmək arzuları ilə başa çatdı.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar