“İnsanın ürəyi başqa ritmdə, qaraciyəri isə tamam başqa ritmdə hərəkət edir. Hər orqanın öz səsi var”

Musiqi ruhun qidasıdır, deyiblər. Musiqinin təsiri mənəvi zövqlə məhdudlaşmır, o, bəzən keçirdiyimiz sarsıntının, çəkdiyimiz ağrının məlhəminə çevrilir, qəzəbimizi, kin-küdurətimizi aradan qaldırır. Qədim zamanlardan musiqinin bu ecazkar təsirini bilən insanlar ondan terapiya vasitəsi kimi də istifadə ediblər. Min illər öncə Misirdə və Yunanıstanda həkimlər xəstələri harmonik səslərlə müalicə edirmişlər.

Çinlilərdə belə bir düşüncə formalaşıb ki, musiqi ilə bütün xəstəlikləri sağaltmaq olar. Onlar xəstə üçün “musiqili reseptlər” belə yazırmışlar. Fərabi, Razi, İbn Sina, Həsən Əfəndi kimi Şərqin məşhur alim və təbibləri də bu sahəyə diqqət ayırıblar.
Bütün bunlardan aydın olur ki, musiqi və sağlamlıq anlayışları bir-birinə çox yaxındır. Ruhun qidası olan musiqi depressiyanı da aradan qaldırmaqda təsirli vasitədir. Bu baxımdan psixologiya elmində də uzun illər musiqi terapiyasından istifadə edilib. Musiqi ilə müalicənin təməlini təşkil edən monoton ritmlər mövcud reaksiyalara görə (sürətli, yavaş, yumşaq və ya sərt melodiya ritmləri) istifadə edilib. 1947-ci ildə ABŞ-da (Miçiqan ştatı) musiqili müalicə proqramı tətbiq olunub. Bu müalicə son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin əsas mövzularından birinə çevrilib.

Axtarışlar

Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart musiqini belə ifadə edib: “Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm, özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm, düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm”.
Bu fikirləri həmyerlimiz, uzun müddət Türkiyədə çalışan musiqişünas, bəstəkar Züleyxa Abdullayevanın da yaradıcılığına aid etmək olar. Züleyxa xanımla Üzeyir Hacıbəylinin ev-muzeyində görüşüb həmsöhbət olduq. Bakıda yaşadığı illərdə bu muzeydə çalışıb. Həmsöhbətimin qeyri-adi istedadı və bacarığı qarşısında musiqinin sehrinə düşərək onun insan həyatı üçün nə qədər gərəkli olduğunun fərqinə vardım.
Züleyxa xanım 1981-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub, professor Səadət Abdullayevanın sinfini bitirib. Təhsil müddətində musiqi terapiyasına və musiqi vibrasiyasının ənənəvi köklərinin araşdırılmasına marağı yaranır. Diplom mövzusunu Bakının Qala kəndinin musiqi mədəniyyətinə həsr edir. Kənddəki sərdabələrin bu ərazidə qədim bir mədəniyyətin izindən xəbər verdiyini hiss edən musiqişünas orada araşdırmalarını davam etdirir. Araşdırmalar zamanı Bakının dərviş mədəniyyəti ilə tanış olur. Bu tədqiqatlar onu zəngin bir mənəvi səyahətə aparır. Mövzunun diplom işinə sığmadığını görən Züleyxa xanım belə qərara gəlir ki, Elmlər Akademiyasının aspiranturasına daxil olsun. Amma həmin dövrdə bu mövzuda dissertasiya müdafiə etmək o qədər də asan deyildi. Mövzunu təsdiqlətmək problemə çevrilir. Lakin musiqişünas inadından dönmür. Bu mövzuya elmi-fəlsəfi prizmadan yanaşır. Böyük çətinliklə də olsa, sübut edir ki, Bakıdakı dərviş mədəniyyətinin dərin kökləri var. Nəhayət, gərgin tədqiqatların nəticəsində uğurla dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi alır.

Musiqi terapiyası insanların daxili aləmini təmizləyir

Amma musiqinin təsirlərinin elmi cəhətdən öyrənmək həvəsi onu tərk etmir. 1997-ci ildə İstanbula köçən Züleyxa Abdullayeva Türkiyədə musiqidən dərs deyir, eyni zamanda musiqinin insan orqanizminə təsiri, musiqi aurasının əhəmiyyətli dəyişikliyə səbəb olması və çakra (“çarx” sözündən olub, yoqalara məxsus hərəkətləri ehtiva edir) ilə bağlı araşdırmasını davam etdirir. Həmçinin çoxlu yerli və xarici təlimçilərin proqramlarında və interaktiv vahid şəfa məktəbində, Sankt-Peterburqda beynəlxalq peşəkar alternativ tibb seminarında iştirak edir. Bu təlimlər onun mövzu ilə bağlı baxışlarını daha da mükəmməlləşdirir. Azərbaycanın zəngin musiqisi və Qərbin elmi sistemi nəticəsində öz yolunu, araşdırmalarını uğurla həyata keçirir.
Bu gün bəstəkarın fəaliyyəti Türkiyədə yüksək dəyərləndirilir. Həmsöhbətim bildirir ki, musiqi terapiyası insanların xoşbəxt olmalarına imkan yaradır, onların ruhlarını, daxili aləmlərini təmizləyir. İstanbulda silsilə olaraq hər ay musiqi terapiyası konsertləri təşkil edən musiqişünas bu konsertlərə insanların böyük maraq göstərdiyini bildirir. Burada ortaq ruhlu insanlar bir araya gəlirlər. Konsertlər zamanı o öz auditoriyası ilə enerji əlaqəsi yaradır və auditoriyanın axıcılığını pianoya ötürür. Bununla da auditoriya ilə dialoqa girmiş olur. Eyni nöqtədə auditoriya onun nümayiş etdirdiyi improvizasiyanı görə və hiss edə bilir. Dəyişikliklər praktika zamanı baş verdiyindən buraya tənəffüs sistemi də cəlb olunur. Buna görə də Züleyxa xanım Amerikadan gələn mütəxəssislərdən alternativ nəfəs texnikasının sirlərini öyrənib. O, musiqi terapiyası konsertləri təşkil etməklə əhəmiyyətli bilik və təcrübə əldə edib.
Musiqişünas bildirir ki, canlı piano improvizasiyası auditoriya axıcılığını bir yerdə və bir anda qaldırır: “Bəşər övladı bizim adətən eşitdiyimiz səs axıcılığına bənzər müntəzəm tezliklərə nisbətən daha çox şey hiss edə bilir. Xüsusilə də sakitlikdə bu tezlikləri tutmaq mümkündür. Bizim auramız normal qulağın eşitməsinin mümkün olmadığı tezliklərin aurası ilə yüklənir. Bu vibrasiyaları balanslaşdırmadan real şəfa tapmaq qeyri-mümkündür. Hətta güclü dərman bizə nəzərdə tutulan nəticəni vermir. Mən auditoriya ilə əlaqəyə girəndə bizim aramızda baş verən vibrasiya gərginlikləri pianoya ötürülür. Vibrasiyalar adətən eşidilmir, katalizator kimi mənim bədənimə keçir və pianodan qəbulediciyə çatır. İnsanın orqanizmi sanki bir canlı orkestrdir. Eyni anda insanın ürəyi başqa ritmdə, qaraciyəri isə tamam başqa ritmdə hərəkət edir. Onun hər orqanının özəl səsi var. Bu səsləri hiss edirəm. Mən insanla söhbət etdiyim zaman onun enerjisini duya bilirəm. Bu proses davam edən vibrasiya dəyişikliyi ilə başa çatır. Bu zaman bizim bədənimiz dönür və o, şəfaya hazır olur”.
Bəstəkarın “Azərbaycanda dərviş toyları, musiqi mədəniyyəti” adlı elmi əsərində vaxtilə “Rast”, “Segah” və digər muğamlarla müalicə aparıldığı haqqında tarixi məlumatlar yer alıb. Türkiyədə bəstəkarın “Aşkın halleri” adlı diski işıq üzü görüb və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Diskdə piano musiqiləri yer alıb.
Züleyxa xanım Azərbaycandan kənarda yaşayan elm və sənət adamlarını canlı təbliğat maşınına bənzədir. Bildirir ki, onlar öz mədəniyyətləri, elmləri ilə ölkəmizi təbliğ edirlər: “Vətəndən uzaqda yaşasaq da, hər zaman Azərbaycanın adını yüksək tutmağa çalışırıq”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar