İncəsənət ustalarımızın möhtəşəm çıxışları festivalın tarixinə unudulmaz möhür vurub

Xəbər verdiyimiz kimi, İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı keçirilir. Bu il 48-ci dəfə gerçəkləşən və dünyanın ən məşhur virtuoz ifaçılarını bir araya gətirən musiqi bayramında Azərbaycan yenə də geniş şəkildə təmsil olunur. Üç ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) festivalın rəsmi tərəfdaşlarındandır.

İyulun 6-da festivalda Xalq artisti, dünya şöhrətli muğam ifaçımız Alim Qasımovun konserti böyük maraqla qarşılanmışdı.
İyulun 16-nı isə festivalın Azərbaycan günü adlandırmaq olar. Həmin gün incəsənət ustalarımız möhtəşəm çıxışları ilə tarix yazıblar.
İlk çıxış Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun ustad dərsi ilə başlanıb. Azərbaycan nağarasının tarixindən söhbət açan N.Şirinov daha sonra milli ritmlərimizlə yanaşı, müxtəlif xalqların ritmlərini yüksək peşəkarlıq, özünəməxsus üslubla ifa edərək tamaşaçıların gurultulu alqışlarını qazanıb.
Montrö Caz Festivalının 48 illik tarixində ilk dəfə çıxış edən, dünya fank musiqisinin canlı əfsanəsi, ən yaxşı alt saksofon ifaçılarından sayılan Meseo Parkerin səhnəyə gəlişi əsl bayram əhval-ruhiyyəsi yaradıb. Uzun illər ərzində festivalın bütün dəvətlərini cavabsız qoyan ulduz məhz Azərbaycanın və ARDNŞ-in dəvətini məmnuniyyətlə qəbul edib. Dünya şöhrətli musiqiçi ölkəmizin ən tanınmış qruplarından olan, Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” ilə bir səhnəni bölüşüb.
Buna görə festivalın təşkilatçıları səhnədə Azərbaycana ayrıca təşəkkürlərini bildiriblər. Ceyms Braundan Corc Klintona qədər dünyanın demək olar ki, bütün fank əfsanələri ilə işləyən Meseo “Rast” ilə birlikdə Cahangir Cahangirovun “Bana-bana gəl”, Rey Çarlzın “Hit the road jack” və braziliyalı gitaraçı Jorji Ben Joromun məşhur “Mas que nada” mahnılarını ifa edib.
Milli musiqi alətimiz olan balabanı xüsusi sevgi ilə təqdim edən, bu alətə vurulan M.Parker konsertin sonunda öz orkestri ilə birgə Coşqun Sadıqovun ifasında onun yenidən səslənməsini xahiş edib. Təşkilatçıların bildirdiyinə görə, Meseo Parker və “Rast” qrupunun konserti festivalın tarixində açıq havada rekord sayda tamaşaçı yığıb.
Günün sonuncu möhtəşəm sayılacaq konserti isə “Natiq ritm” qrupunun çıxışı olub. Qısa müddətdə tamaşaçıları ələ alan Natiq Şirinov onlara Azərbaycan dili dərsi keçib. Özünün “Ritm varsa, həyat var” kəlmələrini təkrarlatdıran Natiq və qrupu virtuoz ifası ilə 5 min tamaşaçını öz ritmləri ilə idarə edib. Tamaşaçılar qrupumuzu sürəkli alqışlarla, səslənən hər yeni ritmi emosiyalarla qarşılayıblar.
Ritmik nömrələrin birinin ifası zamanı heç kimin gözləmədiyi halda Meseo Parker səhnəyə daxil olaraq Natiqə yaxınlaşıb rəqs etməyə başlayıb. Hadisəni düzgün qiymətləndirən Natiq ifa etdiyi nağaranı M.Parkerə verərək onu öz yerinə dəvət edib. Burada şounun ən maraqlı anları yaşanıb. Natiq Şirinovun qrupunun möhtəşəm müşayiəti nəticəsində dünya fank musiqisinin canlı əfsanəsi Azərbaycan nağarasında ifa etməyə başlayıb.
Çıxış başa çatdıqdan sonra qrup dahi Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifa edib. İnstrumental ifa edilən mahnının nəzərdə tutulmuş yerlərində qrup üzvləri “Azərbaycan” ifadəsini birgə oxuyublar. 5 min tamaşaçı da onlarla birlikdə “Azərbaycan” deyib.
Yalnız əcnəbi ulduzların konsertlərində görülən bu görüntülər həqiqətən qürur doğurur. Konsertin sonunda isə xalq mahnımız “Sarı gəlin” səslənib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar