Robertino Loretti Beynəlxalq Muğam Mərkəzində çıxış edib
İyulun 20-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli italyan müğənnisi Robertino Lorettinin konserti keçirilib. Tamaşaçıları Azərbaycan dilində salamlayan müğənni konsertə gələnlərə minnətdarlığını bildirib və Bakı kimi gözəl şəhərdə növbəti dəfə çıxış etdiyinə görə çox şad olduğunu deyib: "Yenidən sizinlə birdə olmağa çox şadam. Hər dəfə Bakıya gələndə şəhərinizin gözəlliyinə, azərbaycanlıların qonaqpərvərliyinə heyran qalıram. Hamınızı sevirəm!".
Müğənninin ifasında onun hamı tərəfindən sevilən məşhur mahnıları - “Romantica”, “O sole mio”, “Santa Lucia” və başqa nümunələr səslənib. Konsertdə beynəlxalq müsabiqələr laureatı, gənc azərbaycanlı istedad Emin Eminzadə də çıxış edib. O, Robertino Lorettinin repertuarından məşhur “Besame Mucho” mahnısını oxuyub.
Tamaşaçılar İtaliyanın “qızıl səsinin” çıxışını alqışlarla qarşılayıblar. Müğənni artıq üçüncü dəfə şəhərimizin qonağı olub. Bu səbəbdən də etiraf edib ki, Azərbaycan onun üçün artıq doğmalaşıb.