Son yetmiş ilin bütün balacalarını böyüdən bal mahnı...

Başlıqaltı nəqli informasiyamda hörmətli oxucularımı vur-tut, dördcə il yanıldıram. Belə ki, bu mahnı 1948-ci ildə çıxıb ilahi “sənət yumurtası”ndan. Amma... axı, həmin tarixçədən ən azı dörd il öncə doğulmuş uşaqları da ovudub bu mahnı...

Həm də həmin o “müharibə uşaqları”nın bükülü boyunlarında daha çox haqqı olub bu mahnının. Belibükük nənələrinin ağılayıb-ağladığı “üçkünc” məktublardan “quş” düzəldib uçuran uşaqların. Ağlıkəsən qardaş-bacılarının göz yaşlarını bir-bir sayan uşaqların. Atalarının getdiyi yerlərdən gələn qara xəbərləri “veclərinə olmayıb”, analarının “qıymazlıqla” bişirdiyi ağappaq yumurtaların birini beş yerə bölüb “doyan” fağırların...
Və həmin çağlar o uşaqların eşitdiyi müharibə və yeni quruculuq sədalı “biri varmış, biri yoxmuş”lar içrə hələ tanımadıqları bir real Qəmbər əmiləri də varmış ki, o, bütün Vətən boyu gəzib dolaşa-dolaşa el havalarını, aşıq mahnılarını toplayıb nota alırkən, onların qırım-durumlarının da fərqinə varırmış. O balaca balaları başdan-başa qaş-qabaq əhvallarından çıxarmaq eşqinə düşən o əmi -

Qəmbər Hüseynli!..

Bu böyük bəstəkarı bütün dünyaya tanıtdıran o əzəmətli mahnının predmeti canlıların ən “cansız”ı, canlılığın ən cumbulusu - cücələr...
Yetmiş ildir bizi, - vəzifə, mövqe, mənşə və s. “çəki”lərimizdən asılı olmayaraq - hamımızı, haçansa uşaq da olduğunu etiraf etmək “səmimiyyət”inə malik olan hər kəsi böyüdən bir nəğmə. Elə bu heynidə məsələyə dəxli olan “yad” bir haşiyə: günlərin bir günü özünü xalqa “yendirib”, böyük izdiham qarşısında nitq söyləyən Firon bir az da həzinləşib-vəzinləşib “mən uşaq olanda...” deyərkən, ehtizaza gələn kütlə: “Ay aman, bizim həşəmətli Fironumuz uşaq da olub?!” - deyə uğuldayır.
Bəli, hər bir azərbaycanlının ilk bəstə-laylası, ilk nəğməsi və böyük musiqiyə - romansa, süitaya, kapriççioya simfoniyaya keçid kursu olub “Cücələrim”. Biz yaşa dolduqca “Cücələrim” də böyüyüb. Biz xariclərə getdikcə, “Cücələrim”in özümüzdən öncə getdiyini görmüşük. Onun haqqında qeyri-adi tərif-təqdirlər, sevgi-öygülər oxuyub-eşitmişik. Bunlardan birini də alçaq düşmənlərimizin böyük nümayəndəsi - Aram Xaçaturyan deyib: “Dünyaca məşhur “Nu, poqadi”də səslənən musiqi parçaları içərisində ən ləzzətli, ən məlahətli və ən anlaşıqlısı “Cücələrim” epizodudur” (hansı ki, orada həmin Aramın “Qayane” və “Spartak” baletlərindən də fraqmentlər səsləndirilib).
Fəxrlənək ki, bu sənət nümunəmizin şöhrəti hələlik siyasətdə “uduzduğumuz” ermənilərin bəstəkarının məsafə və səviyyəsindən daha uzaq və ucalardan gəlib. Məsələn, 1955-ci ildə məşhur bəstəkar və digər sənət nəhənglərindən ibarət sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən onları həmin ölkənin məktəblilərindən təşkil olunmuş dövlət xoru məhz “Cücələrim” mahnısı ilə salamlayıb. Yaxud, vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və əksəriyyəti ruslardan ibarət olan qonaqlara üz tutaraq deyir: “Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Bəli, cəmisi 45 il ömür yaşamış, yaradıcılığında mahnı və romanslara daha çox yer vermiş bu unudulmaz sənətkarımızın “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq, “Cücələrim”i dinləyərkən isə hər dəfə və həmişə heyrətlənməmək olmur. O vaxtlarçün çox gənc şair olan mərhum Tofiq Mütəllibovla birgə yaradılan bu gözəl sənət incisi bütün dövrlərin böyük sənət uğuruna çevrildi. O vaxtdan bu vaxta dünyanın 100-dən çox xalqının dilinə tərcümə olundu. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi öz müəllifini “Cücələrim” qədər bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

O müəllif ki;

16 aprel 1916-cı ildə Gəncədə doğulub. Onun səslərə marağında (daha sonralar isə vurğunluğunda) atasının dəmirçixanasındakı ritmlərin, ahənglərin də rolu az olmayıb...
1925-ci ildə Gəncədəki məktəbdə təhsilə başlayanda isə bu balaca artıq Nizami, Füzuli, S.Ə.Şirvani, A.Səhhət, M.Ə.Sabir kimi böyükləri tanıyıb-tapınmaqda idi. Gəncənin musiqi, çal-çağır mühiti ətraf Qarabağın el şənlikləri, Cabbar, Seyid, Bülbül, Xan, Q.Pirimov, M.C.Əmirov onunçün mükəmməl məktəb, səyyar universitet olub.
1927-ci ildə (orta məktəbdə ikən) Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 2 il sonra Gəncə Pedaqoji Texnikumuna daxil olan Qəmbərin sağında gələcəyin böyük bəstəkarı Fikrət Əmirov, solunda məşhur tarzən Zərif Qayıbov varmış. Özünün “Rast”, “Şur”, “Zabul segah” və başqa ifaları ilə məşhurlaşmış bu gənc hələ tələbə ikən aşıq mahnılarını, el havalarını toplayıb nota alırmış.
Texnikumu fərqlənmə diplomu ilə bitirən (1934) Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklifini tərəddüd etmədən qəbul edir. Tanınmış pedaqoq A.S.Şvartsın sinfində təhsil alan Qəmbər Qərb ölkələrinə məxsus bu aləti öz fitri istedadı ilə “özümüzünküləşdirməyi”lə də məşhurlaşır.
Lakin... lap uşaqkən onun qəlbində ahəstəcə-ahəstəcə çınqılanan bir istək - bəstə, bəstəkarlıq - günü-gündən alovlanırmış. Bu, o dövrdə texnikumun görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır və onu orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. Çox keçmir ki, bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri üzə çıxan Qəmbər böyük Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Tellər oynadı” romans-mahnısı ilə peşəkar bəstəkar adına sahib olur.
1939-cu ildə milli musiqimizin beşiyindəki təhsil müəssisəsinə - Şuşa Musiqi Texnikumuna direktor göndərilən Qəmbər Hüseynli burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görür və yenidən Bakıya dəvət edilir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin dirijorlarından biri kimi çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə yaradılmış Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri işləyir. 1954-cü ildə şair Mirmehdi Seyidzadənin librettosu əsasında “Qızıl quş” operasını və 1961-ci il avqustun 1-nə - dünyasını dəyişənə qədər hər ay, hər il dinləyicilərini heyran edən neçə-neçə yeni mahnılar yazır...

Tahir Əhmədalılar