“Fərmayiş”lərində dadlı-dadlı “ey dad-ey dad”, sığal-sığal “aman-aman”...

Səsi də, oturuş-duruşu, yar-yaraşığı da Xan!..
Nə yaxşı ki, oralıların çoxu kimi, sənət cövhərilə doğulan bu şuşalı oğlan - İsfəndiyar Aslan oğlu Cavanşir Azərbaycanda Şura hökuməti qurulandan 19 il əvvəl dünyaya gəlmişdi; yoxsa, ona da sosializm-realizm məzmunlu (muzdur-düzdur!) təxəllüslərdən biri veriləcəkmiş.
Elə bu uca sənət taxtlı Xanımızla bağlı belə-belə bəxtdaşlıq elementləri bir xeyli olduğuyçün öncə belə bir “qəlyanaltı” yarımbaşlıq:


Nə yaxşı ki...

Nə yaxşı ki, səs-avaz da (yazı-pozu, fikir-zikir, söz-bez kimi) repressiya “maddə”lərinə düşmür; yoxsa, Xan da - bütün digər mal-dövlət, neçə-neçə şeir-sənət, sir-siyasət bəy-xanlarımızın sırasına salınar, 1979-da yox, 1937-də - “plan”dan 42 il tez ölərdi (daha doğrusu, öldürülərdi).
Nə yaxşı ki, nəfəs - digər sənət nümunələri kimi redaktəyə, senzura qayçılarına, “qlavlit” labirintlərinə düçar ediləsi material deyil; yoxsa, bu milli bəm-zilli Xanın zəngulə “təbəələr”i də ixtisar və “əlavə”lərə məruz qalar, ifaönü etdiyi Məcnunayağı “ay aman-aman” ayaqları, siyasi-sosial “vay aman-aman!” kimi yozular, məcunsayağı “e-he-he”ləri, amiranə “hə də-də-də”ləri anti-dövlət hədələr kimi interpretasiya olunarmış.
Nə yaxşı ki, Xan (və öz fenomenal sənətkarlıq şöhrətlərilə bu terminə layiq digər şəxsiyyətlər) Şuşada doğulub; yoxsa, bu gün torpağımızın məlum parçasını və tarixən ad-soyadlarımızın naməlum əksər faizini (Balayan, Köçəryan, Sərkəryan, Mədətyan, Sarıyan, Qarayan...) mənimsəmiş dara-barayanlar “Xankəndi”mizi Stepanakert etdikləri kimi, Şuşamızı da “Xanyanakert”dən-zaddan hədyan bir toponimlə adyanlaşdırarmışlar.
Nə yaxşı ki (?), bu Kişiyə Xan adı verilib; yoxsa, lazım gələndə ona “zemlyak” deyən yersiz yanlar onu doğal adıyla (İspəndiyar) çağırmaqla, dil xoruzlarının (əslində, donquzlarının) quyruğu daha bir ponetik səs düşüm-düşüklüyü ilə görsənərmiş.
Nə yaxşı ki, onun sənət dövrü müasir şou-mou cövrünə düşməyib; yoxsa bəy-xan dərəcə-şəcərəsilə anılan xanəndəlik fəlsəfəsi biznesanəndəlik səfsəfəsinə inteqrasiya olunar, bu Xan kişinin hər kəsdə yaratdığı salğarlı obrazı, ağır-batmanlıq təəssüratı “köhnə kişilərin minib getdiyi köhnə atlar”ın belindən salınaraq, üz vurub “hə”si alınaraq “Onlar”-“Bunlar”, “Bazar”-“Maqazin”, “Bozbaş-şabaş” kimi verilişlərə çağırıla-çağırıla yüngülləşdirilərmiş.
Və yeganə olaraq nə bəd ki, Xan o üzü-astarıpis dövranın dəbinə-felinə uyaraq, öz yerlik-mənsubluq təxəllüsünü (Mirzə Cəlilin “həyə, hələ bu nə adlardı?!” deyə, ağlartı ilə güldüyü) formatda götürüb. Axı o, bütün gör-görkəmi, hal-əhvalı, xas-xasiyyəti, səs-sədası ilə “Şuşinski” yox, məhz -

ŞUŞALI idi!..

Söz ki “şuşalılıq”dan, “Qafqazın təbii konservatoriyası” Şuşadan düşdü, obyektiv-“subyektiv” bir haşiyə çıxaq. Belə ki, Azərbaycanın ifaçılıq sənəti aləmində barmaqla sayılacaq qədər xanəndə və müğənnilər var ki, onlara “ifaçı” deməyə adamın dili gəlmir. Nədən ki, “ifaçı” ifadəsi “icraçı”, “missiyaçı”, yerinəyetirənçi, üzünüköçürənçi kimi assosiasiya olunur. Məsələn, diktorlar bəzən çox hiss-həyəcansız tonda deyirlər: “Heyratı” - ifa edir Xan Şuşinski”. Vəssalam?! Əvvəla, onsuz da adı transformasiyaya uğramış bu muğam (Herat şəhərilə bağlı) “Heyrəti” kimi təqdim edilsəydi, onun qaynar və çılğın notları ilə daha mütənasib səsləşərdi. İkincisi, bəyəm Xan onu, sadəcə, ifa edirmi? Xeyr, əfəndilər, qətiyyən! Xan bütün oxumalarında yanır!..
Ancaq... fağır diktorlar, konferansyelər də neyləsinlər ki, bunun başqa ifadə formatı yoxdur. Amma bəs Cabbar, Seyid, Bülbül, Rəşid və bu yazımızın canı Xan neyləsinlər ki, oxuyarkən yanıb-yaxılma prosesini ehtiva etdirdikləri halda, “ifa edir” kimi qupquruca təqdim edilirlər? Onda bəlkə elə “Cəh-cəh edir: Bülbül”, “Bəh-bəh edir: Seyid”, “Car çəkir: Cabbar”, “Alovlanır: Rəşid”, “Qan-qan edir: Xan”?!.
Reallıqlara qayıdaq və ərz edim ki, bunun əsasını təşkil edən mənəvi varlıq -

Qənirsiz sənətkarlıq!

Hə, başla, Xan! Bu elektron vasitələr dövründən əvvəlki dədə-baba yolu ilə - yaddaş-təsəvvür üsuluyla “Mirzə Hüseyn segahı”ndan başla. Min illərin ictimai hüznü, sənətkaranə ahı, qeylü-qallı hicri, ballı vüsalı, ilahi və insani sevgi-məhəbbəti haqda döşə görək, bir saat-para saat ərzində ümumşərq Zövq padşahına nə ərz edirsən?..
Hərdən ayılıb-ayrılmaq imkanı da ver ki, ruhuna bəzi para xitablar da edə bilək. Məsələn, bu “dəraməd” şöbəsində niyə belə duruxursan? Bəlkə bu məqamda Füzuli babanın “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, “insan” söyləməz - hər kəs ki insandır, sana” beytinin dinləyiciyə çatıb-çatmaması istixarəsindəsən? İşində ol, ey xiridar, söz hamı üçün deyil ki, hamı söz üçündür...
Sənət suyuna yaman susamışıq, Xan! Bizi bir sərçeşməyə rast elə - “Rast”ı xırdala. Elə xırdala ki, təb həblərilə siləbəsilə bu muğamın bütün məqamlarını almağa huş-guş pul-paramız çatsın. “Üşşaq”dan “əraq”a keçərkən bir an nəfəs dər, ustad! Yoxsa, sənət şərabından dəmlənərik, “Yəni kim, bir dəm bəladən etmə cüda məni” dənizinə qərq olub, batarıq...
Bir şahənşah sənət nazına qol qoy - “Şahnaz”ı nazla. Elə qəmzeyi-avazla ki, “Əql tədbiridir ol, sanma ki, bir bünyadı var” həqiqəti “...qəmzən kimi ustadı var” elanının yanında “yalan” olsun. Necə ki, “Gər dersə ki Füzuli gözəllərdə vəfa var” sözü “yalandır”. Sonra da - bəlkə elə bu sözlərin qüdrətindən şəlalələnən səsinin lam axarında istedadın sevgi “yaradıcılığı”na da dəxli olması möcüzəsini ahəstəcə-ahəstəcə bəyan et: “Məndə Məcnundan füzun aşiqlik istedadı var”...
Bir az da “Bayatı-Şiraz”dan “mayə”lə. Ağrı-acıla, vəsfi-təsniflə görək, “Yarım bu tayda qaldı, Yarım o tayda qaldı, Toyum burda çalındı - Yarım o tayda qaldı” təlaş-təəssüfümüzün səbəbkarı təkcə Arazmı idi - guşələrinin biri türki, biri farsi olan “Bayatı-Şiraz”ın?..
Dörd təb-gahlı “Çahargah”a keç, səs-sədası seyrangah Kişi! İmam övladı Seyid Əzim əvəzi xitab et: “Mən ki, bihuş düşüb, görçək özümdən getdim, Siz ki, huşyardız, ol afəti-dünya kim idi?”
“Mahur”a adda, ey mahiri-avaz Xaqan! Astaca-astaca, ustaca-ustaca kəlam bərəkətləri üyüt: “Xaqani nədir, gəlsənə, ey gözləri şəhla, Xəlqaniyə həm xaqan sən olarsan”.
“Qarabağ şikəstəsi”... Nadir şah Əfşarın zülmündən İran-İraqlara, İsfahan-Kəleybərlərə dərbədər olmuş qarabağlıların geri dönüb Arazın o tayından yurd-yuvalarını gördükləri anda bədahətən hayqırdıqları bu şikəstəni o vaxtlar elə oxudun ki, Moskvanı “Böyük Teatr” timsalında ayağa durdurdun!..
…Bu vaxtlar isə onları Qarabağ şikəstliyinə əncam çəkməyə sövq edən bir səs-səda yox...
Hə, bütün bu major-minorluqlardan sonra, daha “Şur”lamaq olar. Bütün ağrı-acılarımızı bu bəşəri ovqatın mayesinə dəfn edək ki… bəlkə bütün arzu-sevinclərimizi də “bir gün oyandırdı muğam”...
Sən tək elə qəlb-qəlbi qəlblərdə yox, həm də “əsatir-əfsanə” xatirələr dəmində-cəmindəsən, -

Xan əmi!

Bu xatirələr içərisində elələri də var ki, mətbu təqdimata əl vermir. Özü də tək elə ədəbi ədəb qaydaları baxımından yox, həm də Sən tək fundamental-tökmə obrazın klassik qırım-durumundan dolayı...
İlk xatirə özümün.
Mən cavanlıqda hərdən Sənin ifalarını yamsılayardım (xüsusən də bəzən, aramsız təkrarladığın üçün “nəman-nəman” kimi alletrasiyalanan “aman-aman”larını). Tələbə yoldaşlarımın rəyinə görə, bu, çox oxşar, canlı alınardı. Bir gün Filarmoniya bağındakı çayxanada bizdən bir neçə stol aralıda gənc xanəndə Bayram Məmmədovla şirin-şirin söhbət etdiyinizi görərkən, yenə vurğunluq dəcəlliyim tutdu və üzümü uşaqların qarasında gizləyib, başladım “İstəsən məhv olsun Bisütun daqi, ay aman” deyə oxumağa və ardınca da məxsusi “nəman-nəman”lamağa. Sən isə - üzündə yarı təəccüb, yarı təbəssüm, guya radioqəbuledici axtarırmışsan kimi, o yan-bu yana baxıb, “detektiv” stolu bəllədin. Sonra hamımızın yalnız bir nəfərə - bütün solaxay situasiyalarda hədəfə aldığımız Əlipənaha baxdığımızı və onun da bu “şər” nəzərlərdən çox pərt olduğunu görüb, bizə (on iki tələbəyə) növbəti iki yekə çaynik gətirməkdə olan çayçını səslədin: “A bala, o uşaqlara deynən narahat olmasınlar, çaylarının pulu çatıb...”
...Bir gün, yan-yörəsində çalışan bir qadın toylarda tək elə səs-sədası ilə yox, həm də şəxsi keyfiyyətləri, qartal ədalarıyla da obrazlaşmış Sən Kişiyə öz həmkəndli rəfiqəsindən başıbağlı (içərisi isə sevgi dağlı) bir məktub çatdırır. Bu “şanlı məktub”la tanış olandan sonra hər iki rəfiqənin əvəzinə də utanıb qızara-qızara deyirsən ki, bu kağız-kuğuzu o xanımın özünə qaytararsan. Yox, əgər yenə fikrindən daşınmasa, qardaşım Allahyara çatdırarsan...”
...Filarmoniya. Sənin 70 illik yubiley gecən. Bir qələbəlik, bir vur-çatlasın ki, gəl görəsən! Sonda Sən özün də oxumağa dəvət edilirsən. Sağında Ələkbərova Şövkət xanım, solunda Məmmədov Yaqub ağa! Bu yaşda “Qarabağ şikəstəsi”ni elə ciknələyirsən ki, - Sən ustada sayğı əlaməti olaraq salonun oturacaqsız hissəsində ayaqüstə dayanıb dinləyən Əbülfət Əliyev, İslam Rzayev, Arif Babayev, Sabir Mirzəyev, Süleyman Abdullayev və başqaları başlarını o yan-bu yana yelləyə-yelləyə buradakı ləzzət dolu alqış tufanını birəbeş artırırlar...
...Bir gün, dövrün qırmızı təbliğatıyla yollaşa bilməyən Xan əmiyə deyirlər ki, bugünkü qəzetdə sənin haqqında əsl qələmlə yazılmış bir yazı çap olunub. O, yolüstü bir qəzet köşkünə yaxınlaşır: “A qızım, mənə bir “Gənc işçi” ver”. Xanım gülümsünür və artıq 5-6 ilmiş adı dəyişmiş “Azərbaycan gəncləri” qəzetindən bir nüsxə götürüb, hörmət və izzətlə: “Buyurun, Xan əmi” - deyir...
Və deyirlər, Bakı kəndlərindən birində can üstə olan bir qoca nəvələrindən birinə tapşırır ki, haçan ki gördün vəziyyətim yenə ağırlaşır, Xanın valındakı həmin yeri səsləndir. “Çünki bu loğmanavaz Kişi “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm”...

Tahir Abbaslı