Azərbaycanlı gənc violin ifaçısı İsveçrədə yay kurslarında iştirak edib

Bakı Musiqi Akademiyasının (BMA) violin ixtisası üzrə 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Osman Eyyublu 4-17 avqust tarixində İsveçrənin Krans Montana şəhərində keçirilən “Crans Montana Classics” violin üzrə yay kurslarında iştirak edib. Kursların təsisçisi professor Jan Bonvin, bədii rəhbəri isə tanınmış ifaçı, maestro Şlomo Mintsdir.

Builki kurslara ölkəmizlə yanaşı, ABŞ, Niderland, Kanada, Yaponiya, Litva, İrlandiya, Cənubi Koreya - ümumilikdə 12 ölkədən tələbələr qatılıb. Onlara dünya şöhrətli violin ifaçılarından Şlomo Mints (ABŞ, İsrail), Zaxar Bron (Rusiya), David Cerone (ABŞ) və Sungsic Yang (Cənubi Koreya) ustad dərsləri keçiblər. Tələbələr müxtəlif məktəblərin müasir ifaçılıq xüsusiyyətləri ilə yaxından tanış olublar.
Osman Eyyublu BMA-da skripka və fortepiano üzrə təhsil alır. Bir çox yerli və beynəlxalq müsabiqələrin qalibi olub, laureat adını qazanıb. 2007-ci ildə Rumıniyada gənc ifaçıların müsabiqəsində hər iki alət üzrə birinci yerə layiq görülüb. İxtisas müəllimləri fortepiano üzrə professor Oqtay Abasquliyev, violin üzrə isə Fatima İdyatulinadır.
İsveçrədəki kurslarda iştirakı ilə bağlı təəssüratını bizimlə bölüşən gənc musiqiçi bildirdi ki, qatıldığı ustad dərsləri çox yüksək səviyyədə təşkil edilib: “Yay məktəbinə tanınmış ifaçı Şlomo Mints tərəfindən dəvət aldım. İki həftə ərzində dərslər, əlavə proqramlar, məşqlər keçdik. Bundan əvvəl də bir sıra xarici ölkələrdə ustad dərslərində iştirak etmişəm. Deyərdim ki, bu yay məktəbi unudulmaz xatirələrlə və öz sahəmdə öyrənə bildiyim, sənətimə müsbət təsir göstərən məqamlarla yadda qaldı. Dünyanın müxtəlif ölkələrindən gələn 12 iştirakçı olaraq həm müəllimlərdən, həm də bir-birimizdən daha çox öyrənməyə can atırdıq.
İştirakçılar da güclü ifaçılardan ibarət idi. Bu səbəbdən də təşkilatçılar çalışırdılar ki, müzakirələrə, fikir mübadilələrinə yer ayırsınlar. Onu da deyim ki, yay məktəbi İsveçrə dövləti tərəfindən təşkil edilsə də, iştirakçılar bu dərslərdə iştirak üçün maddi vəsait ödəyirlər”.
Həmsöhbətimiz gələcək planları və sənətlə bağlı düşüncələrini də bizimlə bölüşdü. Bildirdi ki, akademiyada bakalavr təhsilini başa vurduqdan sonra Nyu-Yorkda magistraturaya qəbul olmağı planlaşdırır: “Bu gün məni bir azərbaycanlı ifaçı kimi qəbul edirlərsə, ifaçılıq məktəbimiz dünyanın dörd yanında müsabiqə və festivallarda uğur qazanırsa, bu, Azərbaycan musiqisinin şöhrətidir. Buna baxmayaraq, biz dünyagörüşümüzü artırmaq, digər ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq üçün sərhədləri aşmalıyıq. Avropa və Amerikanın sənət, konsert agentlikləri, tanınmış ifaçıları ilə əlaqələr qurmaq lazımdır. Çünki orada klassik musiqinin perspektivləri çoxdur”.
Həmyaşıdlarının klassik musiqiyə marağına və uğurlarına sevindiyini vurğulayan gənc ifaçı onların parlaq gələcəyinə inanır. Qeyd edir ki, son illərdə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xaricdə təhsillərini davam etdirən gənc musiqiçilər gələcəkdə ölkəmizin musiqi mədəniyyətinin təbliğatçıları olacaqlar. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransa, Avstriya, Almaniya və digər ölkələrdə konsert proqramı ilə çıxış edən Osman Eyyublu ona dəstək olanlara minnətdarlığını bildirdi.
İfaçı deyir ki, ölkəmizdə keçirilən musiqi festivalları da gənc musiqiçilərin püxtələşməsində mühüm rol oynayır. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına musiqi festivalları ölkəmizdə gənc ifaçı və klassik musiqi ilə məşğul olanlar üçün olduqca əhəmiyyətlidir. Dünyaca məşhur ifaçıların, kollektivlərin ölkəmizdə çıxışları gənclər üçün bir məktəbdir.
Musiqiyə həvəsinin ailədən gəldiyini söyləyən həmsöhbətimiz həm violin, həm də fortepianoya sonsuz məhəbbəti olduğunu, bundan sonra da bu alətləri bir-birindən ayırmayacağını vurğuladı.
Gənc ifaçı sonda bütün yaşıdlarını klassik musiqiyə maraq göstərməyə çağırdı. Qeyd etdi ki, klassik musiqi və muğam bütün janrların təməlidir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar