Veronada keçiriləcək konsert Azərbaycanın zəngin musiqisini İtaliya xalqına çatdıracaq

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki məşhur “Arena Di Verona” opera və simfonik musiqisi amfiteatrında ilk dəfə Azərbaycan musiqisi konserti keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək “İpək yolundan musiqi yolu ilə” adlı konsertlə bağlı Veronada mətbuat konfransı keçirilib. Səfir Vaqif Sadıqov qeyd edib ki, bu tədbir ölkələrimiz arasında yaxın mədəni əlaqələrin parlaq nümunələrindən biri olacaq. Konsertin çoxsaylı tamaşaçıları sırasında xüsusi qonaq qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də iştirak edəcək.
Ölkələrimiz arasında tarixi köklərə söykənən əlaqələrdən danışan səfir bu yaxınlarda İtaliyanın Baş naziri Matteo Rentsinin Azərbaycana səfər edəcəyini deyib: “İki ölkə arasında iqtisadi münasibətlərin ümumi göstəriciləri yüksək səviyyədədir. Hər il xeyli sayda italiyalı iş adamı Azərbaycana gedir. Bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də Azərbaycan-İtaliya əlaqələri sürətlə inkişaf edir. Qarşılıqlı olaraq konsertlərin və sərgilərin təşkili, müxtəlif mədəni tədbirlərin birgə keçirilməsi sıx mədəni əməkdaşlığımızın bariz nümunəsidir”.
Diplomat Azərbaycanın İtaliyanın mədəni həyatına mühüm töhfələr verdiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan bərpa işləri, Romadakı Müqəddəs Marçelino və Pyetro katakombalarının bərpası və tarixi Via Alessandrina küçəsində arxeoloji qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir.
Səfir məlumat verib ki, “İpək yolundan musiqi yolu ilə” konsert proqramında Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın simfonik orkestri (“Orchestra Italiana del Cinema”) və “Qarabağ” muğam triosu çıxış edəcək. Konsertdə Mənsum İbrahimov, Aygün Bayramova, Azər Rzazadə Azərbaycan klassik musiqisinin bənzərsiz əsərlərini və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətimizin gözəl nümunələrini təqdim edəcəklər.
Mətbuat konfransında çıxış edən Verona şəhəri merinin müavinləri Alberto Markesini və Enriko Korsi, şəhərin Ticarət Palatasının sədr müavini Klaudio Valente və başqaları konsertin Azərbaycanın zəngin musiqisini İtaliya xalqına çatdırmaq baxımından önəmli olduğunu deyiblər. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Veronanın yerləşdiyi Veneto regionu arasında iqtisadi münasibətlər inkişaf edir. Bu əlaqələri genişləndirmək və birgə tədbirlər təşkil etmək ölkələrimiz üçün olduqca vacibdir.