İfaçılarımız Praqada xüsusi diplomla təltif olunublar

Bu dəfə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin xoş sorağı Çexiyanın Praqa şəhərindən gəlib. Məktəbimizin skripka müəllimi Hökumə Əliyevanın tələbələri Praqada keçirilən "Praqa yay akademiyası musiqi festivalı"ında iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqə laureatı Nərgiz Hüseynova ilə respublika və beynəlxalq müsabiqələr laureatı Zərrin Əliyeva ölkəmizi uğurla təmsil edib. 13-27 avqust tarixində keçirilən festivalda ustad dərsləri də təşkil olunmuşdu.
Təmsilçilərimizin ustad dərslərini festivalın prezidenti və təşkilatçısı professor Roman Fedchuk, o cümlədən Avropanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər aparıb. Şagirdlərimizin ifası yüksək qiymətləndirilib. Onlar Venyaski, Sen-Sans və Paqanininin texniki cəhətdən çətin əsərlərini məharətlə ifa ediblər.
Bundan başqa, festivalda Azərbaycanın gənc bəstəkarlarının əsərləri də səsləndirilib. Nərgiz Hüseynova Rəcəb Zeynalovun "Skerso", Zərrin Əliyeva isə Ağa Əliyevin "Adajio" əsərlərini ifa ediblər. Hər iki əsərin milli koloriti, yüksək peşəkarlıqla ifası praqalı dinləyicilərin könlünü oxşayıb. Əsərlərin notları festival nümayəndəliyi tərəfindən Praqa musiqiçilərinin repertuar siyahısına daxil edilib, ifaçılarımız xüsusi diplomlarla təltif olunublar. Məktəblilərimizin növbəti beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil etməsi dövlətimizin mədəniyyətə, musiqi təhsilinə göstərdiyi diqqət və qayğının isbatıdır.

Nərgiz Əliqızı,
musiqişünas