Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-i ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunur.

2009-cu ildən başlayaraq ənənəvi olaraq keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Ötən müddətdə festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivala Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan tanınmış musiqiçi və kollektivlər - Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov kimi tanınmış musiqiçilər qatılacaq.
Eyni zamanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestri, tanınmış sənətkarlar Rauf Abdullayev, Gülbacı İmanova, Ağaverdi Paşayev, Ceyhun Allahverdiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Fəridə Məmmədova, gənc istedadlı musiqiçilər Əyyub Quliyev, Riad Məmmədov, İlham Nəzərov, Ramil Qasımov və başqaları festivalda iştirak edəcəklər.
Festivalın tədbirləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində gerçəkləşəcək.
Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas qayəsini - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.
Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konserti təqdim olunacaq.
Həmçinin Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və “Muğam ensiklopediyası”nın rus dilində nəşrinin təqdimat mərasimi keçiriləcək. Festivalın tədbirləri sentyabrın 18-də Fəxri xiyabanda Üzeyir Hacıbəylinin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti ilə başlanacaq. Milli İncəsənət Muzeyinin bağında “Güllələnmiş heykəllər” abidəsi ziyarət olunduqdan sonra Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçiriləcək. Axşam Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılışı olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar