Veronada Azərbaycan və İtaliya musiqiçilərinin konserti

İtaliyanın Verona şəhərində simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında “İpək yolundan musiqi yolu ilə” adlı Azərbaycan musiqisi konserti keçirilib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən konsertin tamaşaçıları arasında İtaliyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, turistlər və şəhər sakinləri olub.
Verona şəhərinin meri Flavio Tosi qonaqları salamlayaraq deyib ki, bu konsert getdikcə genişlənən Azərbaycan-İtaliya münasibətlərinin, xalqlarımız arasında sıx mədəni bağların mövcudluğunun ən bariz göstəricilərindən biridir.
Sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək konsertin Azərbaycan musiqisini İtaliya xalqına tanıtmaq üçün əlamətdar imkan olduğunu vurğulayıb. Qeyd olunub ki, konsert vasitəsilə Azərbaycan və İtaliya musiqiçiləri - “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam triosu - ilk dəfə olaraq birgə çıxış edəcəklər.
Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən səfir bu konserti münasibətlərimizin inkişaf səviyyəsini nümayiş etdirən tədbirlərdən biri kimi dəyərləndirib. O, tədbirin keçirilməsinə göstərdiyi köməyə görə Veneto regionunun və Verona şəhərinin rəsmilərinə minnətdarlığını bildirib.
Sonra konsert proqramı təqdim olunub. Proqramda Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Konsertdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətimizin ən gözəl nümunələri dinləyicilərə təqdim olunub. Konsertin sonunda dinləyicilər “Qarabağ” muğam triosunun müşayiəti ilə Mənsum İbrahimovun və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi”ni ayaq üstə, sürəkli alqışlarla qarşılayıblar.
Konsertin çoxsaylı tamaşaçıları sırasında xüsusi qonaq qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də olub. Məşhur ifaçı Azərbaycana səfərindən söz açaraq ölkəmizdən xoş təəssüratlarla ayrıldığını deyib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.