İyunun 22-də Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan layihənin budəfəki poeziya axşamının qonaqları rus dilində yazan gənc şairlər idi.
Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək layihənin məramından danışdı, onun ədəbiyyatımızın təbliğinə, yeni istedadlı yazarların üzə çıxarılmasına xidmət etdiyini vurğuladı. Qeyd etdi ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin, o cümlədən gənc qələm sahiblərinin tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılmasıdır.
Sonra söz gənc şairlərə verildi. Poeziya gecəsində Cavid İmamverdiyev, Seyid Sufi, Solmaz Süleymanlı vətən, ana, sevgi və müasir həyat haqqında yazdıqları şeirlərdən parçalar söylədilər.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan poeziya gecəsi konsert proqramı ilə davam etdi.

Fariz Hüseynov