Qədim musiqi alətlərindən olan tənbur Uzaq Şərqdən Qərbəcən böyük bir coğrafi ərazidə müxtəlif forma və adlarla yayılıb. Qazaxlarda “dombra”, qırğızlarda “dombura”, özbəklərdə “dombrak”, türkmənlərdə “danbura”, Türkiyədə “tanbura” kimi tanınıb. Azərbaycanda isə bu musiqi aləti tənbur adı ilə məşhur olub.

Tənburun təsvirinə miniatür sənətinin təşəkkül tapmadığı dövrlərdə də rast gəlinib. Yaxın Şərqdə arxeoloji qazıntılar zamanı üzərində ikisimli tənbur çalan varsağın təsviri olan XI əsrə aid çini boşqab tapılıb. XII-XIII əsrlərə aid bir çox saxsı qablar üzərində də tənburun təsvirinə rast gəlmək mümkündür.
Bir çox musiqişünaslar dütar, setar, çahartar, qopuz və onlara bənzər digər simli musiqi alətlərini tənburun növləri hesab ediblər. Gövdəsi tut və ərik, üzü şam, qolu isə qoz ağacından hazırlanan bu alətdən görkəmli söz ustadı, mütəfəkkir şair Məhəmməd Füzuli də bəhs edib. Müəllif “Yeddi cam” əsərinin “Sitar ilə söhbət” hissəsində yazır:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən,
Rəğbət açarı ilə ona da bir qapı aç sən.
Aç bir qapı ki, zahir olub nəşələr ondan,
Qəlblər gülərək daim olar gül kimi xəndan.


Görkəmli musiqişünas Səfiəddin Urməvi (XIII) “Kitabi-əl-ədvar” əsərində ikisimli Xorasan və Bağdad tənburları haqqında geniş məlumat verib.
Azərbaycanda bu alət orta əsrlərdə geniş yayılıb, eyni zamanda Şirvan tənburu adı ilə məşhur olub. XIV-XV əsrlərin məşhur musiqişünası Əbdülqadir Marağayi “Məqasidül əl-əlhan” əsərində Şirvan tənburu haqqında ətraflı məlumat verib: “Şirvan tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edir. Onun quruluşu armud şəklində olur. Səthi uzundur. Ona iki tək sim bağlanır. Qollarında pərdələri var...”
Araşdırmalarda göstərilir ki, türk tənburu Şirvan tənburundan çanağının və səthinin kiçikliyi ilə fərqlənib. Qətran Təbrizi, Nizami Gəncəvi və digər orta əsr klassik şairlərinin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var. Orta əsr miniatür sənəti əsərlərində bir sıra musiqi alətləri ilə yanaşı, tənburun da təsvirinə rast gəlinir. 1530-cu ildə ustad Soltan Məhəmmədin çəkdiyi “Zöhhakın edamı” rəsmində yerdə oturub ikitelli, qısa qollu Şirvan tənburu çalan musiqiçinin təsviri verilib. Mirzə Əlinin 1556-cı ildə çəkdiyi “Ozan-aşıq” miniatür rəsm əsərində də bu alət təsvir olunub.
Tənbur o dövrdə saray məclislərində də özünə geniş yer tapıb. Bir sıra miniatürlərdə cənnətdəki qanadlı huri-mələklər tənbur çalan yerdə təsvir olunub. N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinə çəkilən miniatürlərdə cənnətdəki huri-mələklər padşahı Bilqeyisin taxtı tənbur çalan mələklərlə əhatələnib. Orta əsrlərə aid türk mənbələrində tənburun alt gövdəsinin daha kiçik və qolunun uzun olması ilə uddan fərqləndiyi qeyd olunur.
Bu alət vaxtilə Cənubi Azərbaycanda daha geniş yayılıb. XVIII əsrin əvvəllərində yaşamış təbrizli Miranın “Miran ağlar, tənbur ağlar, tar ağlar” misrası fikrimizi bir daha təsdiqləyir. Orta əsrlərin musiqişünas alimi Dərviş Əli tənburu “bütün musiqi alətlərinin müəllimi” hesab edib.
Onu deyək ki, tənbur ifaçılıq sənəti Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən zəifləməyə başlayıb. Lakin Şimali Qafqazda, Dağıstanda tənburun başqa növləri hələ də yaşamaqdadır. Müasir tənbur armudabənzər olub kiçik çanaqdan və uzun qoldan ibarətdir. Bu qola 16 pərdə bağlanır. Simlərin sayı beşdən çox olmur. Baş və orta barmaqla ifa olunur.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar