Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı davam edir.

Sentyabrın 19-da festival çərçivəsində Bakı Musiqi Akademiyasında bu tədris ocağının tələbələri Fərid Feyzullayev (violin), Lalə Mürşidli (violonçel) və Jalə Rəsulova (piano) konsert proqramı ilə çıxış ediblər. Proqramda J.Brams, R.Şuman və L.Bethovenin əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tələbələr Üzeyir Hacıbəyli musiqi festivalı haqqında fikirlərini bölüşərək ənənəvi olaraq keçirilən tədbirin gənc ifaçılar üçün önəmli hadisə olduğunu vurğulayıblar.
* * *
Festivalın həftəsonu proqramı rəngarəng tədbirlərlə yadda qalıb.
Sentyabrın 20-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın Əməkdar artisti, Kseniya Knorre Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsi keçib. Məktəbin direktoru Kamal Paşazadə musiqiçini təqdim edərək onun haqqında məlumat verib. Bildirib ki, rusiyalı pianoçu və pedaqoq indiyədək bir sıra festivallarda iştirak edib, Almaniya, İtaliya və digər ölkələrdə ustad dərsləri verib. Kseniya Knorre yenidən Bakıda olmağından məmnunluğunu bildirib.
Ustad dərsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, L. və M.Rostropoviçlər adına 21 nömrəli və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
Kamera və Orqan Musiqisi Zalında Almaniyanın “Arirang” nəfəs alətləri kvintetinin “Azərbaycana qayıdış” adlı konserti olub. Öncə Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel çıxış edərək kollektivin Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına dəvət olunmasına görə təşkilatçılara minnətdarlığını ifadə edib. Konsertdə A.Zemlinski, V.A.Motsart, J.İber, A.Pyatsollanın, F.Qarayevin əsərləri səsləndirilib.
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında festivalın daha bir qonaq kollektivi - Belarus Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Yevgeni Buşkov) çıxış edib. Konsertin solistləri Mariya Nadolnaya (violin) və Andrey Qlazenkovdur (bandoneon).
Axşam Opera və Balet Teatrı Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirib. Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu baletmeysteri Estoniyanın Əməkdar artisti, UNESCO yanında beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyevdir.
Sentyabrın 21-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı təşkil olunub. Konsertdə Kseniya Knorre (Moskva) və Riad Məmmədov (Azərbaycan) çıxış ediblər.
Daha bir konsert Kamera və Orqan Musiqisi Zalında təqdim olunub. Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konsertinə latviyalı Andris Vecumnieks dirijorluq edib. Solistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontrtenor), Ucal Məmmədxan (zərb) və Natəvan Quliyeva (orqan) C.Perqolezinin “Stabat mater”, F.Əmirovun “Nizami” simfoniyası, F.Pulenkin “Orqan, simli orkestr və zərb alətləri üçün konsert”ini ifa ediblər.
Akademik Opera və Balet Teatrında isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası olub. Tamaşanın dirijoru Sevil Hacıyeva, əsas partiyaların ifaçıları Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) idi.

Beynəlxalq festivalda Süleyman Ələsgərovun yubiley gecəsi

Sentyabrın 22-də festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 90 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
Gecədə bəstəkarın qanun və xalq çalğı alətləri orkestri üçün “Poema”, saz və xalq çalğı alətləri orkestri üçün “Aşıqvari”, Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Eşq olsun sənətkara” əsərləri, tar və xalq çalğı alətləri orkestri üçün 2 nömrəli konserti, fortepiano və violonçel üçün ikili konserti və “Bayatı-Şiraz” simfonik muğamı səsləndirilib.
Musiqi əsərlərini Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijoru - Xalq artisti Ağaverdi Paşayev) və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf Abdullayev) müşayiəti ilə solistlər - Əməkdar artist Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Murad İbrahimov, respublika müsabiqə laureatları Natəvan Həsənova və Xatirə Gülməmmədli ifa ediblər.
* * *
Sentyabrın 23-də Kamera və Orqan Musiqisi Zalında daha bir konsert olub. Konsertdə rusiyalı orqan ifaçısı Aleksandr Novosyolov və vokalçı Lyudmila Trifonova (mezzo-soprano) çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar