Festival çərçivəsində konfrans keçirilib

Sentyabrın 23-də Bəstəkarlar İttifaqında VI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda konfrans keçirildi.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq 2009-cu ildən ölkəmizdə ənənəvi olaraq keçirilən festivalın əsl musiqi bayramına çevrildiyini bildirdi. Festival proqramının ilbəil zənginləşdiyini deyən F.Əlizadə vurğuladı ki, Üzeyir bəy təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Çünki bu əsərlər milli olduğu qədər də bəşəridir.
Sonra söz konfrans iştirakçılarına verildi. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Zemfira Səfərova “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqisi kontestində” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi kimi Şərqin nəhəng musiqişünaslarının Azərbaycan mədəniyyətinə və musiqisinə məxsusluğu, onların elmi irsinin Üzeyir Hacıbəyli elmi irsi və nəzəri konsepsiyaları ilə bağlılığı Azərbaycan musiqisini uzun əsrlər boyu təkamül keçmiş vahid proses kimi səciyyələndirir.
Macarıstandan gəlmiş bəstəkar, ifaçı və musiqişünas Şandor Sabo “Qədim macar Şərq musiqisi haqqında araşdırmalar” mövzusunda çıxış etdi. O, müasir macar muğamı üzərində araşdırma aparan ilk musiqişünasdır. Qonaq əsrac alətində musiqilər ifa etdi. Onun bəstələri milli macar və Şərq musiqisinin sintezindən yaranıb.
Konfransda AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova “Türk xalqlarının musiqisində məqam paralellərinə dair”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva “Bəzi qədim türk melodiyaları və musiqi janrlarının Yaxın Şərq xalqlarının ənənəvi musiqisinə inteqrasiyası haqqında”, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə “Oğuz türklərinin epik musiqisinin konseptsferası”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova “Üzeyir Hacıbəylinin yaradıcılığında türkçülük ideyaları” mövzusunda çıxışlar etdilər.
Çıxışlarda qeyd olundu ki, müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği baxımından Ü.Hacıbəylinin yaradıcılıq irsi mühüm əhəmiyyət kəsb edir. Böyük bəstəkar milli musiqi sənəti qarşısında duran, zamanın irəli sürdüyü zəruri problemləri dünya musiqi proseslərinin məcrasında həll edərək Qərb və Şərq musiqisi münasibətlərində yeni mərhələnin əsasını qoyub.
Onun yaradıcılığında, musiqi xadimi kimi fəaliyyətində milli ənənələrə söykənən, özünəməxsusluğu və səciyyəviliyi saxlamaq şərti ilə yeni inkişaf səviyyəsinə qalxmağa imkan verən Avropa mədəniyyətinin məqbul formalarından faydalanmaq mövqeyi istiqamətverici xarakter daşıyır. Dahi bəstəkarın məqalələrinin birində yazdığı kimi: “Böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini tərəqqi etdirib Qərb musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəliləməkdir”.

Lalə Azəri