Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqə keçirilib. 11 ölkədən 147 gənc vokalçının qatıldığı nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil ediblər.
Azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atıblar. 7-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova ikinci yerə, 8-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülüb. Hər iki vokalçının müəllimi sənətşünaslıq namizədi İradə Xəlilovadır.