Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan ixtisasların yeni metodologiyalarla zənginləşdirilməsi məqsədilə “Ustad dərsləri“ silsiləsinə start verilib.

Layihə çərçivəsində sentyabrın 19-da Londonda yaşayıb fəaliyyət göstərən caz vokal ifaçısı Səbinə Hacıyeva ilk ustad dərsini verərək, təcrübə və biliklərini gənclərlə bölüşüb. Ustad dərsinə universitetin II kurs estrada sənəti fakültəsinin tələbələri Sona Ələsgərova, Xana Həsənova, Səfa Eldarov, Ruslan İqnatenko, Səmra Rəhimli və III kurs tələbəsi Elvin Əmirquliyev qatılıb. Ustad dərsində tanınmış pianoçu Elçin Şirinov da iştirak edib.
Səmimi ab-havada keçən və üç saata qədər davam edən dərs boyu Səbinə Hacıyeva tələbələrə caz ifa texnikasının üsulları, səsdən düzgün istifadə bacarığını inkişaf etdirmək, caz standartları, improvizə ilə bağlı maraqlı məsləhətlər verib.
Dünya səhnələrində tanınmış musiqiçilərlə bir səhnəni bölüşən caz ifaçısı sonda tələbələrdən razı qaldığını, onların gözəl səsə malik olduqlarını vurğulayaraq, burada gənc həmvətənlərinə ustad dərsi verdiyi üçün zövq aldığını bildirib.
Xatırladaq ki, tanınmış caz müğənnisi, pianoçu, aranjimançı Səbinə Hacıyeva Bakıda musiqiçi ailəsində dünyaya gəlib. Anası pianoçu, atası isə peşəkar caz gitaraçı olub.
Səbinə Hacıyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını pianoçu kimi bitirib. Caz musiqisinə marağı getdikcə artan musiqiçi caz vokal ifaçısı kimi çıxış etməyə başlayıb. O, Bakı Caz Mərkəzində “Bakustik” caz kvartetində vokalçı kimi çalışıb, mütəmadi olaraq beynəlxalq festivallarda və televiziya konsertlərində çıxış edib.
Bir neçə ildir ki, Londonda yaşayan musiqiçi burada mükəmməl caz təhsili alır. London Gildxol Musiqi və Dram Məktəbinin vokal caz ixtisası üzrə magistridir.
2010-cu ildə Səbinə Haciyeva BBC caz nominasiyasının qalibi olub. Böyük britaniyalı tanınmış caz pianoçu, bəstəkar Con Turvil ilə birlikdə albom yazdırıb və məşhur konsert zallarında konsert proqramları ilə çıxış edib.
Qeyd edək ki, bu ilin oktyabr ayında keçirilən Bakı caz festivalında Səbinə Hacıyeva İngiltərədən dəvət olunmuş qrupla birlikdə çıxış edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar