Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Sentyabrın 18-dən 28-dək davam edən musiqi bayramı zəngin proqram, rəngarəng konsertlər və premyeralarla yadda qalıb.

Sentyabrın 27-də “Avstraliyanın gənc virtuozları” kamera ansamblı Kamera və Orqan Musiqisi Zalında çıxış edib. Kollektivin bədii rəhbəri Bakı Musiqi Akademiyasının məzunu Emin Tağıyevdir. Kvartet bu il Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində yaradılıb. Bakıdakı konsert gənc kollektivin debütü olub. Konsertdə V.A.Motsart, P.Sarasate, İ.S.Bax, N.Paqanini, İ.Brams və digər Qərb bəstəkarlarının musiqiləri ifa olunub.
Həmin gün Q.Qarayev adına Dövlət Kamera Orkestri (dirijor Xalq artisti Yalçın Adıgözəlov) Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı təqdim edib. Konsertin solisti tanınmış Litva pianoçusu Kasparas Uinskas idi. Bakı səhnəsində ilk dəfə çıxış edən Litva musiqiçisi alqışlarla qarşılanıb. Proqramda F.Şopenin və B.Brittenin musiqisi səsləndirilib.
Beynəlxalq festivala sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası ilə yekin vurulub. Tamaşanın dirijoru Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idi. Əsas partiyaları Belarusun Əməkdar artisti Vladimir Qromov, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Fəridə Məmmədova və Əkrəm Poladov, eləcə də aktyorlar İlham Nəzərov, Tural Ağasıyev ifa ediblər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında 10-dək ölkədən kollektivlər və solistlər iştirak edib. Festival çərçivəsində musiqi proqramları, opera və balet tamaşaları ilə yanaşı, Üzeyir Hacıbəyli haqqında elektron məlumat bazasının, “Azərbaycan muğam ensiklopediyası”nın rus dilində nəşrinin təqdimatı, “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirilib.