Keçəçioğlu Məhəmmədin 150 illiyinə həsr edilmiş tədbir

Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Keçəçioğlu Məhəmmədin musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı. On il əvvəl muzeydə sənətkarın 140 illik yubileyini qeyd etdiklərini xatırlatdı: “Həmin tədbirdə Keçəçioğlu Məhəmmədin oğlu Ramiz Xəlilov iştirak edirdi. O, atasının qavalını muzeyimizə təqdim etdi...”
Muzeyin xalq çalğı alətləri daimi sərgisinin müdiri Təranə Zeynalova xanəndənin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864-cü ildə Şuşa şəhərində anadan olub. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənib. Qarabağ xanəndəlik məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, muğam sənətinin inkişafına və təbliğinə töhfələr verib.
Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tutub. Geniş diapazonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəsgahları və zərbi muğamları ustalıqla ifa edib. Oxuduğu “Zəminxarə”, “Humayun” kimi muğamlarla musiqisevərlərin qəlbini fəth edib. Keçəçioğlu Məhəmməd “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını da özünəməxsus şəkildə ifa edib. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxuması daha çox diqqətləri cəlb edib.
Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. Milli kadrların hazırlanmasında fəal iştirak edib. Sənətkar 20 noyabr 1940-cı ildə dünyasını dəyişib.
Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev və digər çıxış edənlər mahir ifaçının Qafqazda böyük şöhrət qazandığını, muğam sənəti tarixində əbədiyaşar, bənzərsiz zəngulələri ilə yaddaşlarda qaldığını söylədilər.
Muzeyin qədim musiqi alətləri ansamblının müşayiəti ilə əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, gənc xanəndələr İlkin Əhmədov, Babək Niftəliyev və Abgül Mirzəliyevin ifasında Keçəçioğlu Məhəmmədin vaxtilə oxuduğu muğamlar səsləndirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar