Oktyabrın 2-də paytaxtın Xətai rayonunundakı Rafiq Babayev adına uşaq musiqi məktəbinin kollektivi Üzeyir Hacıbəylinin ev-muzeyinin qonağı olub. Qonaqları salamlayan muzeyin əməkdaşı Aytən Heydərova sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı barədə söz açdı. Bildirdi ki, festival başa çatsa da, ənənəvi musiqi bayramı ilə bağlı tədbirlər davam edir.
Məktəbin fortepiano müəllimi Leyla Nəzərli çıxışında vurğuladı ki, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin dünyaya göz açdığı 18 sentyabr günü təkcə musiqisevərlərin deyil, bütün xalqımızın bayramıdır. Elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Məlumdur ki, böyük bəstəkarın ad gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması ənənə halını almış, 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə 18 sentyabr rəsmən Milli Musiqi Günü elan olunub. 2009-cu ildən başlayaraq hər il sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli festivalları böyük əks-səda doğurur.
Çıxışlardan sonra musiqi məktəbi şagirdlərinin ifasında Üzeyir Hacıbəyli və Fikrət Əmirovun əsərləri səsləndirildi.

Savalan Fərəcov