Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına sözardı

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlı VI beynəlxalq musiqi festivalı tarixə qovuşdu. 10 gün ərzində rəngarəng konsertlərdən aldığımız xoş təəssüratlar hələ də bizi tərk etməyib. Tez-tez bu və ya digər konsertlər, tamaşalar yada düşür, ifaçıların məharəti, dinləyiciyə bəxş etdiyi şirin anlar bir daha yaşanır.

Hələ 1995-ci ilin 18 sentyabr tarixində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərman bütün xalqımıza, musiqisevərlərə böyük bayramın təməlinin qoyulmasını vəd etmişdi. Artıq neçə illərdir ki, bu bayram həyatımıza daxil olmuş, ürəklərdə, düşüncələrdə qərar tutmuşdur. Hər il onu səbirsizliklə gözləyir, növbəti festivalda hansı yeniliklərin olacağının, hansı görkəmli musiqi xadimləri, məşhur kollektivlərlə görüşəcəyimizin həyəcanını yaşayırıq.
Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı da öz miqyası, rəngarəngliyi, möhtəşəmliyi ilə əvvəlki festivalların gözəl ənənələrini yaşatdı. Qonşu Rusiyadan uzaq Avstraliyaya qədər - Belarus, Belçika, Litva, Latviya, Hollandiya və s. ölkələrdən musiqi kollektivləri, mahir ifaçılar böyük coğrafi ərazinin musiqi mədəniyyətinin xoş sorağını Bakıya gətirmişdilər. Festival həm də premyeralarla yadda qaldı.
Musiqi bayramının birinci günü dahi bəstəkarın Fəxri xiyabandakı məzarını ziyarət etməyə mədəniyyət, incəsənət xadimləri cəm olmuşdu. Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin və digər musiqi klassiklərimizin məzarları gülə-çiçəyə qərq oldu. Milli İncəsənət Muzeyində “Güllələnmiş heykəllərin” ziyarəti, musiqi ictimaiyyətinin Milli Konservatoriyanın yeni binası ilə tanış olması, Bakı Musiqi Akademiyası önündə Üzeyir Musiqi Gününə həsr olunmuş ənənəvi mərasim, Milli Kitabxanada dahi bəstəkar haqqında “Biblioqrafiya” kitabının yeni elektron versiyanın təqdimatı, Üzeyir Hacıbəylinin ev-muzeyində “Azərbaycanın görkəmli bəstəkarları” fotoalbomunun təqdimatı və kamera konserti - festivalın ilk günündə yaşanan bayram sevincləri idi.
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında axşam konserti günün uğurlu yekunu oldu. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin idarəsi ilə ən parlaq ifalardan birini təqdim etdi. “Koroğlu” operasının əzəmətli uvertürası ürəkləri riqqətə gətirdi. Hollandiyada yaşayan mahir violin ifaçısı İlya Qrubert alman bəstəkarı İohannes Bramsın violin və simfonik orkestr üçün “Konsert”i ilə dinləyiciləri valeh etdi. Dünya şöhrətli bəstəkarımız, SSRİ Xalq artisti Arif Məlikovun yeni bəstələdiyi “Piano və orkestr üçün “Konsert”in premyerası festivalın ilk musiqi axşamı üçün təntənəli yekun oldu. Arif Məlikovun tələbəsi, bəstəkar Ceyhun Allahverdiyev solist pianoçu kimi yeni əsərin ilk ifaçısı olmaq şərəfini yaşadı.
Filarmoniyada keçən konsertlərdən Belarus Dövlət Kamera Orkestrinin çıxışlarını xüsusilə vurğulamaq istərdik. 19 və 20 sentyabrdakı konsertdə orkestrin ifası uzun zaman dinləyicilərin xatirəsindən silinməyəcək. Yüksək peşəkarlıq, əsl ifaçılıq mədəniyyəti, dolğun və zövqlü səslənmə orkestri dinləyiciyə sevdirən cəhətlərdən idi. Kollektivin bədii rəhbəri və baş dirijoru - dünyanın bir çox ölkələrində yüksək qiymətləndirilən Yevgeni Buşkov əslində keçən bu konsertlərin qəhrəmanı oldu. Konsertdən öncə səslənəcək hər musiqi nömrəsi barədə mənalı lakonik və yumor dolu şeirlərin müəllifi də dirijor özü idi. Bakı dinləyicilərinin sevincinə səbəb olan hal isə dirijorun Azərbaycana, Azərbaycan musiqisinə dərin hörməti və məhəbbəti idi. Konsertə məşhur “Arşın mal alan” haqda şeir və musiqili fantaziya ilə başlayan Yevgeni Buşkov ilk andan dinləyiciləri məftun etdi. Sonradan təqdim olunan rus, alman, gürcü, macar, italyan və s. klassik bəstəkarların əsərləri də sürəkli alqışlarla qarşılandı. Fasilə zamanı dirijor söhbət əsnasında bildirdi ki, o, repertuarında Azərbaycan bəstəkarlarının yeni-yeni əsərlərini görmək istəyir. Əlbəttə, bunu eşitmək çox xoş idi.
Festivalda 4 tamaşa ilə təqdim olunun Akademik Opera və Balet Teatrının fəaliyyəti də xüsusilə vurğulanmalıdır. Sentyabrın 20-də Qara Qarayevin “Yeddi gözəl” baletinin, sentyabrın 21-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, sentyabrın 24-də “Koroğlu” operalarının tamaşası, sentyabrın 28-də V.A.Mortsartın “Fiqaronun toyu” operasının premyerası teatrın yüksək potensialından xəbər verir. Tamaşalarda solistlərlə bərabər səhnəyə çıxan gənclərin hərarətli ifaları, cəsarəti, sənətə sevgiləri dinləyicilərdə, tamaşaçılarda məmnunluq hissi yaradırdı.
Festival çərçivəsində Üzeyir Hacıbəylinin sevimli tələbəsi - Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş maraqlı konsert təqdim olundu. Gecədə iki kollektiv - Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor - Rauf Abdullayev) ilə bərabər Dövlət Xalq Çalğı Alətləri Orkestri də (dirijor - Ağaverdi Paşayev) çıxış edirdi. Süleyman Ələsgərovun unudulmaz əsərləri səsləndi və Azərbaycan bəstəkarlıq məktəbinin nə qədər zəngin olması bir daha öz təsdiqini tapdı.
Azərbaycan Bəstəkarlar İttifaqı da festival çərçivəsində bir sıra maraqlı tədbirlər ilə diqqəti cəlb etdi. Qüdrətli yaradıcı və elmi potensiala malik olan qurum sentyabrın 23-də “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfransa ev sahibliyi etdi. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin sədrlik etdiyi konfransda respublikamızın və xarici ölkələrin musiqişünasları çıxış etdilər.
25 sentyabrda Muzey Mərkəzində keçirilən “Muğam ensiklopediyasının” rus dilində nəşrinin təqdimat mərasimi də musiqisevərlərin yaddaşında qaldı.
Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında 24 sentyabrda keçən konsert isə yeni bir kollektivin - “Trio-klassik” ansamblının debütü idi. Qeyd edək ki, “Trio-klassik” ansamblının çıxışı festivalda yeganə debüt deyildi. Əslən azərbaycanlı, gənc musiqiçi Emin Tağıyevin rəhbərlik etdiyi “Avstraliyanın gənc musiqiçiləri” kamera ansamblı da debütünü məhz Bakıda, Üzeyir Hacıbəyli festivalında etdi. Əlbəttə, bütün bunlar gənc musiqiçilər üçün, gənc kollektivlər üçün unudulmaz günlərdir, xoşbəxt anlardır.
Festivalda hamıya xoş təsir bağışlayan cəhətlərdən biri də çıxış edən musiqiçilərin əksəriyyətinin gənclər olması idi. Gənclik gözəllik, təravət, yeni həvəs, yeni ruh deməkdir. İstər “Avstraliyanın gənc virtuozları” olsun, istər Almaniyadan gəlmiş “Arirang” nəfəs alətləri kvinteti olsun, istərsə də Azərbaycanın gənc vokalçıları, pianoçuları, violin, klarnet, zərb və s. alətlər ifaçıları olsun - festivalın möhtəşəm, maraqlı, yüksək bədii səviyyədə təqdim olunmasında hamının öz payı var.
Lakin ən böyük, ən məsuliyyətli iş festivalın təşkilatçılarının öhdəsinə düşmüşdür desək, heç də mübaliğə olmaz. Azərbaycanda keçirilən irimiqyaslı elm və mədəniyyət hadisələrinə dəstək olan UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına da böyük dəstək verdi. Dünyanın yaxın-uzaq ölkələrindən Azərbaycana dəvət olunmuş onlarla musiqiçi ilə neçə ay öncədən danışıqlar aparan, onları Bakıda qarşılayan, yerləşdirən, məşqlərinə imkan yaradan, konsertlərini yüksək səviyyədə təşkil edən - bir sözlə böyük təşkilati və yaradıcılıq məsələlərini həll edən isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Hörmətli Əbülfəs Qarayevin rəhbərliyi ilə nazirliyin bütün qurumları vahid orqanizm kimi festivalın uğurlu olmasından ötrü bütün səylərini birləşdirmiş və nəticədə yeni bir beynəlxalq tədbirə imza atmışdı. Yada salsaq ki, il ərzində Mədəniyyət və Turizm Nazirliyinin öhdəsinə neçə-neçə beynəlxalq festival, forum, görüş, konfrans və s. düşür - o zaman bu qədər böyük işlərin öhdəsindən gələ bilən insanların əməyini qiymətləndirməmək olmaz.
Hər zaman Üzeyir bəy Hacıbəyli xatırlanarkən onun gördüyü böyük işləri, yaratdığı dahiyanə əsərləri, nəcib əməllərini dilə gətirir, dünyanın nadir şəxsiyyətlərindən biri kimi onunla qürur duyuruq. Bu gün xalqımızın, dövlətimizin bu dahi şəxsiyyətə böyük ehtiramına görə, sonsuz məhəbbətinə, sədaqətinə görə fəxr edirik. Möhtərəm Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın görkəmli şəxsiyyətlərinə göstərdikləri diqqət və qayğı, hörmət və ehtiram öz-özlüyündə bir örnək, bir ucalıq təcəssümüdür.
Məhz bu düşüncələrlə, bu hisslərlə Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalından ayrıldıq. Qəlbimizdə bir rahatlıq və nikbinlik var. Çünki qarşıda yeni-yeni musiqi bayramları, gözəl görüşlər, ünsiyyətlər bizi gözləyir.

Sərdar Fərəcov,
Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar