Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər və Nəqliyyat nazirliklərinin iştirakı ilə ərsəyə gələn VI Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirildi.
Tədbiri “Kainat” Gənclik Mərkəzinin rəhbəri, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə açaraq festival barədə məlumat verdi. Bildirdi ki, uşaq muğam festivalı 18 ildir təşkil olunur və artıq 6 ildir bu yarışma beynəlxalq status qazanıb. Layihə gənc istedadlar, habelə xarici ölkələrin gənc musiqiçiləri arasında körpü rolunu oynayır. Seçim turları may ayında başlanan festivala final yarışması ilə yekun vurulur.
R.Rəsulzadə festivala göstərdikləri dəstəyə görə müvafiq dövlət qurumlarına, sponsorlara dərin minnətdarlığını bildirdi.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov milli-mənəvi dəyərlərimizdən söhbət açdı. Muğam sənətinin inkişafına, yaradıcı gənclərə göstərilən dövlət qayğısını xüsusi vurğuladı. Sektor müdiri uşaq muğam festivalının öz coğrafiyasını genişləndirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan muğamının cazibəsi dünyanın 10-dan artıq ölkəsinin gənclərini Bakıda bir araya gətirib.
Misir Mədəniyyət Mərkəzi və festivalın baş sponsoru “Paşa Bank” tərəfindən münsiflər heyətinə hədiyyələr verildi. Sonra ifaçıların çıxışları təqdim olundu. Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan təmsilçilərinin çıxışları sürəkli alqışlarla qarşılandı. Hər bir ölkəni iştirakçı ilə yanaşı, bir mütəxəssis də təmsil edirdi. Həmin təmsilçi Xalq artisti, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyətində təmsil olunurdu.
İfaçıların çıxışlarından sonra əslən Azərbaycandan olan Latviya vətəndaşı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi, muğamlarımızın Avropada təbliğatçısı Leyla Əliyeva çıxış etdi. Soydaşımız Latviyadakı fəaliyyəti barədə danışdı, ingilis və Azərbaycan dillərində muğam ifa etdi.
Sonra münsiflər qalibləri elan etdilər. Festivalın baş mükafatına (Qran pri) Azərbaycan təmsilçisi Atlaz Mehdiyeva (“Qarabağ şikəstəsi”, 12 yaş) layiq görüldü. Digər mükafatlar belə bölüşdürüldü: 1-ci yer - Zilola Xayrullayeva (Özbəkistan); 2-ci yer - Elbəy Etibarlı (Azərbaycan), Sasan Əlizadə (İran) və Mətin Əbilov (Azərbaycan); 3-cü yer - Asanali Aşumov və Alken Maqurlan (Qazaxıstan), Mirna Hişam Mühəmməd (Misir) və Mehmet (Türkiyə).
Bundan əlavə, 7 nəfərə həvəsləndirici mükafat, habelə təşkilat komitəsi tərəfindən festivalın ən kiçik iştirakçısına, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə bir nəfər əcnəbi iştirakçıya “repertuarına Azərbaycan muğamından parça əlavə etdiyinə görə” mükafatlar verildi. Qaliblər diplom və hədiyyələrlə təltif olundular.
Savalan Fərəcov