Tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli sentyabrın 21-dən 28-dək Litvanın Kaunas şəhərində keçirilən 64-cü “Trophee Mondial” dünya akkordeon ifaçılarının müsabiqəsində qonaq qismində iştirak edib.
Səfər təəssüratlarını bizimlə bölüşən musiqiçi əvvəlcə ifa etdiyi alətin tarixinə nəzər saldı. Bildirdi ki, qarmon XIX əsrin əvvəlində Almaniyada yaradılıb. XIX əsrin sonlarında bu alət Azərbaycan musiqi aləmində də yer almağa başlayıb.
Müsahibimin sözlərinə görə, akkordeon və qarmon zahirən oxşar olsa da, onların arasında fərqlər var. Qarmon akkordeona nisbətən çətin alətdir: “Qarmon aləti Avropada, demək olar ki, unudulub. Bu səbəbdən də müsabiqədə qarmona ekzotik alət kimi yanaşırdılar. “Trophee Mondial” müsabiqəsində akkordeonçular iştirak edirdilər. Mən müsabiqənin açılışında iştirak etmək üçün dəvət almışdım. Litva televiziyasına verdiyim müsahibədə dedim ki, qarmon akkordeonun ulu babasıdır”.
Həmsöhbətim deyir ki, akkordeon ifaçılarının müsabiqəsi hər il bir ölkədə təşkil edilir. Keçən il müsabiqə Amerikada keçirilmişdi. Gələn il isə bu tədbirin İsveçrədə keçirilməsi nəzərdə tutulur.
Etibar Qasımbəylinin sözlərinə görə, Kaunasda keçirilən müsabiqənin təşkilatçılarını maraqlandıran əsas məqam qarmonda Azərbaycanın milli musiqisinin ifası olub: “Onlar qarmonun milliləşməsinə heyran olmuşdular. Bu səbəbdən də mən düşünürəm ki, bundan sonra bizim bu alətə münasibətimiz daha da hərtərəfli olsun. Çünki qarmon ikitərəfli alətdir. Bizdə çox ifaçılar sağ ələ üstünlük verirlər. Amma qarmon mütləq polifonik ifa edilməlidir. Dəvət ediləndə fikirləşdim ki, görəsən, təşkilatçıları hansı ifalar maraqlandırır. Belə məlum oldu ki, onlar etnik musiqiyə daha çox maraq göstərirlər”.
Müsabiqənin açılışına dünyada bu alətin sənətkarı, fransalı ifaçı Lüdoviq Beierin konserti ilə start verilib. Bundan əlavə, iştirakçılar ustad dərsləri də keçiblər: “Müsabiqəyə 50 ölkədən 18-20 yaş arası ifaçılar qatılmışdı. Çindən olan 20 yaşlı qız müsabiqənin qalibi oldu. Bütün Asiyadan qonaq qismində təkcə mən seçilmişdim və buna görə çox şad oldum. Bu həm də Azərbaycan musiqisinin uğuru idi. Açılışda bir saatdan artıq ifa etdim. Konsertdə yeddi əsas muğamımızdan musiqiləri, “Uzundərə”, “Mirzəyi” xalq rəqslərini ifa etdim. Böyük məsuliyyət hiss edirdim. Çünki ilk dəfə belə bir müsabiqədə ölkəmiz təmsil edilirdi. Litva Konservatoriyasının müəllimləri bizim musiqiyə heyran olmuşdular. Onlar qarmonda ifa edilən Azərbaycan musiqisini “sehrli musiqi” adlandırdılar. Bu heyranlığa səbəb Azərbaycan musiqisinin qüdrəti idi”.
Tədbir gedişində Etibar Qasımbəyli Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli və onun əsərləri haqqında iştirakçılara məlumat verib, məşhur musiqinin əsərlərindən parçaları ifa edib: “Müsabiqəyə gedəndə də əsas məqsədim muğamımızı və klassik musiqimizi təbliğ etmək idi. Açılış mərasimi 40 ölkədə canlı yayımlanırdı. Təşkilatçılar bildirdilər ki, Orta Asiya və Qafqaz ifaçıları arasında Azərbaycanı seçmələri əbəs deyil. Çünki onlar qarmonda Azərbaycan musiqisinin axıcılığını, ecazkarlığını kəşf etdilər”.
Müsabiqədə iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirən ifaçı yaradıcılıq fəaliyyətindən və gələcək planlarından da danışdı: “Həmişə çalışmışam savadlı musiqi ifa edim. 1973-cü ildən maestro Niyazinin xeyir-duası ilə Azərbaycan Dövlət Filarmoniyasında işə düzəldim. 1980-ci ildə “Azkonsert” qastrol birliyində çalışmağa başladım. Həmin ərəfədə usta ifaçıları müşayiət etdim, eyni zamanda “Koroğlu” ansamblını yaratdım. Bu gün də həmin ansamblla fəaliyyətimizi davam etdiririk. Hazırda Dövlət Mahnı və Rəqs Ansamblında çalışıram. Burada iki süitam səhnələşdirilib. “Babək” , “Oğuzlar”, “Lənkəran boğçası” və s. rəqslərin musiqi quruluşunu vermişəm. Görkəmli bəstəkarlarımız Cahangir Cahangirov və Tofiq Quliyevdən dərs aldığım üçün çalışıram ki, bu istiqamətdə də fəaliyyətimi davam etdirim. Əsas sənətim qarmon ifaçılığı olsa da, bəstəkarlıqla da məşğul oluram. Azərbaycan musiqisinin təbliğinə böyük şövqlə yanaşıram. Çalışıram ki, növbəti illər üçün dəvət aldığım müsabiqəyə ölkəmizdən ifaçıları hazırlayım. İnanıram ki, həmin müsabiqəyə qatılacaq musiqiçilərimiz uğur əldə edəcək. İfaçı olaraq borcumuz musiqimizi inkişaf etdirmək, yad təsirlərdən qoruyaraq gələcək nəsillərə çatdırmaqdır”.
Lalə Azəri