“Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” adlı tədqiqat əsəri çapdan çıxıb. Kitab tanınmış yazıçı, şair, dramaturq, Əməkdar incəsənət xadimi Əyyub Abasovun həyat və yaradıcılığına həsr olunub.
13 bölmədən ibarət kitabda Ə.Abasovun “Zəngəzur” romanı XX əsrin əvvəllərində Qafqazda baş verən hadisələrlə paralel təhlil olunub, ədibin tarixi reallıqları bədii təsvirlərlə doğru-düzgün əks etdirdiyi faktlarla açıqlanıb.
Əyyub Abasovun xalqımız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük ədəbi istedadın bəhrəsi olan iki cilddən ibarət 980 səhifəlik "Zəngəzur" tarixi romanıdır. "Zəngəzur" romanının 2-ci cildi çapdan çıxan kimi ədəbi aləmdə hadisəyə çevrilib, dərhal da yığışdırılıb, yayılması qadağan edilib, saxlanan nüsxələri isə gizli şəkildə əl-əl gəzib. Elə həmin günlərdə Ə.Abasov 52 yaşında, ürəktutması adı ilə dünyadan köçüb, qəfil ölümü də şübhələrə yol açıb.
Ədibin şərəfli ömür yoluna ayna tutan kitaba daxil edilmiş fotolar da onun ləyaqətli ömür yaşadığını, layiqli övladlar yetirdiyini göstərir.
“Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Fətəli Abdullayev, məsləhətçi filologiya elmləri doktoru, professor Aytən Qəhrəman, rəyçisi fəlsəfə doktoru Elçin Qəhrəmanov, texniki redaktoru Nailə Həmidqızıdır.