Oktyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verildi.

Festivalın Beynəlxalq Muğam Mərkəzində keçirilən açılış konserti yağışlı və soyuq hava şəraitinə rəğmən böyük tamaşaçı auditoriyası toplamışdı.
Mərasimi tanınmış telejurnalist Rahib Azəri açaraq “Bakı Caz Festivalı - 2014”ün maraqlı və zəngin proqramı olduğunu bildirdi, nəzərdə tutulan konsert proqramları barədə məlumat verdi. Bildirdi ki, artıq neçə illərdir paytaxtımızda keçirilən caz festivalına dünya şöhrətli ifaçılar qatılırlar. Oktyabrın 30-dək davam edəcək budəfəki musiqi bayramında da dünyanın müxtəlif ölkələrindən cazmenlər şəhərimiz qonağı olacaq.
Festival çərçivəsində konsertlər Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında musiqisevərlərə təqdim olunacaq. Terri Layn Karrinqton, Anat Kohen, Mişel Kamilo, Stenli Klark kimi musiqiçilərin festivalda iştirak etdiyini deyən Rahib Azəri caz həvəskarlarını möhtəşəm ifaları qaçırmamağa və oktyabr ayının üçüncü ongünlüyünü caz bayramına çevirməyə çağırdı.
Qeyd olundu ki, Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də solo proqramlarla çıxış edəcək, bu günlərdə paytaxtımızın sənət qəlbi, musiqi nəbzi yenidən caz ritmləri ilə döyünəcək.
Sonra festivalın ilk konsertini təqdim etmək üçün məşhur amerikalı caz pianoçusu və bəstəkar Kreyq Teborn səhnəyə çıxdı. Caz pianoçu və sintezator ifaçısı Kreyq Taborn öz peşəkar karyerasına 1990-cı illərdə başlayıb və o dövrdə sadə cazdan tutmuş kənar musiqiyə qədər müxtəlif janrlarda gənc musiqiçilərlə, eyni zamanda korifeylərlə bir yerdə işləyib.
Cazmen bakılıları xoş sözlərlə salamladı və onları əsl festival konsertinə tamaşa etməyə dəvət etdi. Bass gitarada Tomas Morqanın, zərb alətində Ceyms Betssin müşayiəti ilə səslənən musiqilər tamaşaçıların zövqünü oxşadı. Musiqinin müasir janrları ilə cazın uğurlu sintezindən ibarət olan parçalar gənc dinləyicilərin də ürəyincə idi və hər möhtəşəm ifa gurultulu tamaşaçı alqışı ilə qarşılandı.

* * *
Festivalın ikinci günü əvvəlcə Beynəlxalq Muğam Mərkəzində “Terry Line Carrington” kvarteti çıxış edib. “Gremmy” mükafatı laureatı, baraban ifaçısı, bəstəkar Terri Layn Kerrinqtonun ifasında 80-90-cı illərdə buraxılan albomlarından və yeni əsərlərindən seçmə musiqilər səslənib. Onu Terri Line Carrington (drums), Aron Parks (piano), Antonio Hart (sax) və Zachary Brovn (bass) müşayiət edib.
Həmin gün Beynəlxalq Muğam Mərkəzinin növbəti qonağı isə Azərbaycanın gənc caz ifaçısı Elçin Şirinovun qrupu olub. Səslənən əsərlərdə Şərq və Qərb musiqisinin harmoniyası özünü göstərir. Bir sıra beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən qrupun çıxışı maraqla qarşılanıb.

* * *
Oktyabrın 21-də festivalın daha bir konserti Heydər Əliyev Sarayında keçirilib. Sarayın səhnəsində “Rast” qrupu yubiley konserti ilə çıxış edib. Əməkdar artist Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” caz-folklor qrupu tamaşaçılara qrupun köhnə, hit mahnılarını yeni ifa, aranjiman və orkestr interpretasiyasında təqdim edib.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar