Rusiyanın “Yeni adlar” İctimai Fondunun nümayəndələri Bakıda səfərdədir

Xəbər verdiyimiz kimi, uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi, gənc istedadların ifalarının dinlənilməsi və birgə konsertlərin təşkili məqsədilə Rusiyanın “Yeni adlar” İctimai Fondunun nümayəndələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıya dəvət olunub.

Nümayəndə heyətinə fondun vitse-prezidenti Eduard Barzov, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Oleq Xudyakov (fleyta ixtisası), Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru Alekcey Koşvanets (skripka) və fondun təqaüdçüləri - gənc istedadlar daxildir.
Oktyabrın 22-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində qonaqlar şagirdlərin ifalarını dinlədilər. Mədəniyyət və Turizm Nazirliyinin Təhsil sektorunun baş məsləhətçisi Vüqar Baxışov iştirakçılara layihə barədə ətraflı məlumat verdi. Bildirildi ki, rusiyalı mütəxəssislər Bakı və Sumqayıtın uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ifalarını dinləyərək ən istedadlıları seçəcək, onlardan beş nəfərinə "Yeni adlar" İctimai Fondunun mükafatları təqdim ediləcək. Dinləmələrdə fərqlənən şagirdlərdən iki nəfər Rusiya səfirliyində klassik musiqi konsertində ifa etmək şansı qazanacaq.
Dörd saat davam edən dinləmələrdən sonra “Yeni adlar”ın vitse-prezidenti Eduard Barzov fikirlərini bizimlə bölüşdü: “Dinlədiyimiz uşaqların hamısının özünəməxsus keyfiyyətləri var. Bu dinləmələr müsabiqə deyil, amma ifaçılara yaradıcı impuls verir. İstər-istəməz ifaçılar bilirlər ki, onları başqa ölkənin musiqiçiləri dinləyir. Ümumilikdə gözlədiyimiz nəticəni əldə edə bildik. Seçəcəyimiz beş nəfər təqaüdə layiq görüləcək. Bu təqaüd elə də böyük məbləğ omasa da, biz bunu ona görə edirik ki, gələcəyin ifaçıları olan gənclər diqqət və qayğını hiss etsinlər. Həm də bu təqaüd sizin pedaqoqlara bir işarədir. Yəni biz bu gənci seçmişik və ona xüsusi diqqət yetirməliyik. Hər bir istedadlı gənc ölkənin incəsənətinin gələcəyidir. Bizim layihənin məqsədi də istedadları axtarıb tapmaq və sonra onları nəzarətdə saxlamaqdır ki, görək, o, sənətdə necə inkişaf edir, hansı uğurları qazana bilir. Bu yolda ilk addım təsis etdiyimiz təqaüddür.
Bundan əlavə, fond tərəfindən istedadlı uşaqları üçün yay yaradıcılıq məktəbləri təşkil edilir. Gələn il artıq 23-cü dəfə yay yaradıcılıq məktəbi iştirakçıları qəbul edəcək. Yay məktəbinin müddəti iki həftədir. Bura gənc istedadlar pedaqoqları ilə, yaxud fərdi şəkildə gələ bilərlər. Bu məktəbi keçən gənc istedadların əksəriyyəti bu gün təkcə Rusiya və MDB-də deyil, bütün dünyada tanınmış musiqiçi səviyyəsinə qalxa bilmişlər”.
Həmsöhbətim layihənin yaradıcı mübadilə baxımdan əhəmiyyətini də qeyd etdi: “Hesab edirəm ki, MDB respublikalarına bu səfərlərimiz həm yerli pedaqoqlarla fikir mübadiləsinə, həm də ustad dərslərində iştirak zamanı bir-birimizdən öyrənməyə imkan yaradır. Mən buna pedaqoji yardım deyərdim. Bu da mühüm amildir. Biz hər il iki ölkədə ustad dərsləri keçirik. Maraq həddən artıq böyükdür. Məsələn, Gürcüstanda olduğumuz zaman ustad dərslərinə 400-dən çox pedaqoq qatılmışdı. İnanıram ki, Bakıya səfərimizin müsbət nəticəsi olacaq. Bu, Bakıya üçüncü gəlişimizdir. Əvvəlki illərdə də burada ustad dərsləri keçmişik. Bakıdakı bütün həmkarlarıma uğurlar arzulayaraq bizim layihələrdə onları görməkdən məmnunluğumu ifadə edirəm”.
Qeyd edək ki, “Yeni adlar” İctimai Fondu nümayəndələrinin oktyabrın 24-də başa çatacaq səfər proqramına Bakı və Sumqayıtın musiqi və incəsənət məktəblərinin skripka və fleyta ixtisasları üzrə müəllimləri üçün ustad dərsləri, habelə Azərbaycan və Rusiyanın istedadlı uşaqlarının birgə konsertləri daxildir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar