Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan Əməkdar artist, pianoçu, bəstəkar Emil Əfrasiyab öz uğurları ilə okeanın o tayında ölkəmizi layiqincə təmsil edir.

Bir müddət əvvəl adı kollecin ən yaxşı tələbələri siyahısına salınan ifaçı əlavə təhsil almaq üçün sənədlərini Qlobal Caz Musiqisi İnstitutuna təqdim edib.
Bu günlərdə isə Emil daha bir uğura imza atıb. Pianoçu bizimlə söhbətində bildirdi ki, yaxın dostu, zərb alətləri ifaçısı Rafael Pannierin təşəbbüsü ilə Nyu-Yorkun tanınmış konsert salonlarından olan “Carnegie Hall”da solo konsert proqramı ilə çıxış edib. Konsert zamanı Azərbaycan musiqisi ilk dəfə caz üslubunda Amerika dinləyicilərinə təqdim edilib və onlara ölkəmiz haqqında məlumat verilib: “Konsert dünya şöhrətli pianoçu Abdulla İbrahimin ustad dərslərində iştirak etdikdən sonra gerçəkləşdi. Ustad dərslərinə qatılmaq üçün 600 ifaçı müraciət etmişdi. Cəmi üç pianoçu iştirak hüququ qazandı və onlardan biri də mən oldum. Dinləmələrdən sonra Abdulla İbrahimin prodüseri mənimlə əlaqə yaratdı. Beləliklə, ustad dərslərində iştirak edən üç pianoçu arasında fərqləndiyim üçün “Carnegie Hall”da konsertim təşkil edildi. Konsertdə Azərbaycan musiqisi haqqında geniş informasiya verməyə və ölkəmizi tanıtmağa çalışdım. Abdulla İbrahim Azərbaycan musiqisi və mənim haqqımda məlumatlı olduğunu bildirdi. Musiqimizə marağı olduğunu dedi. Oktyabr 21-də gerçəkləşən konsert böyük uğurla keçdi. Bir daha Azərbaycan musiqisini layiqincə təmsil etdiyimə görə fəxr etdim”.
Gənc musiqiçi gələcək planları haqqında da danışdı. Bildirdi ki, hazırda Berkli Musiqi Kollecində təhsilini davam etdirməklə yanaşı, Qlobal Caz Musiqisi İnstitutunda dəfələrlə “Qremmi” mükafatına layiq görülmüş bəstəkar, pianoçu Danilo Peresdən də dərslər alır: “Danilo Peres bəstəkar və ictimai xadim, zəmanəmizin ən böyük cazmenlərindən biri, Berkli Musiqi Kollecinin ixtisas üzrə direktoru, Panama Caz Festivalının təsisçisi və rəhbəri, UNİCEF-in xoşməramlı səfiridir, UNESCO-nun “Sülh artisti” titulu ilə təltif edilib. Yaxın günlərdə isə Nyu-Yorkun səviyyəli studiyalarından birində ifalarımdan ibarət disk işıq üzü görəcək. Həmin diski gələn il təqdim etmək fikrindəyəm. 2015-ci ilin əvvəlində konsert proqramları ilə İspaniya, İtaliya, Almaniya, İsveçrədə çıxış edəcəyəm. May ayında isə Fransada keçiriləcək caz festivalına dəvət almışam”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar