Azərbaycanın tanınmış gənc xanəndəsi Qoçaq Əsgərov Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən beynəlxalq festivalı (“Shanghai World Music Festival-2014”) çərçivəsində üçgünlük konsert proqramı ilə çıxış edib. Xanəndə bu mötəbər tədbirə dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən dəvət edilib.
Fərqli məkanlarda keçirilən konsertlər alqışlarla qarşılanıb. Şanxayda ilk dəfə səslənən Azərbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyanın ən sayılıb-seçilən nüfuzlu şəxsləri dinləyib.
Xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova Azərbaycan musiqisi, muğamları barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra Qoçaq Əsgərovun ifasında “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnıları səslənib. Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edib.
Konsertlər çərçivəsində xanəndənin diskləri də satışa çıxarılıb. Konsertlər yerli telekanallar vasitəsilə yayımlanıb. Eyni zamanda xanəndə yeni konsertlər üçün təkliflər alıb.