22-26 oktyabr tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santyaqo de Kompostela şəhərində "Womex" dünya musiqi sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq dünya musiqi sənayesinin bu böyük yarmarkasında təmsil olunub.
Sərgidə həmişəki kimi peşəkar dünya musiqi sənətinin son nailiyyətləri nümayiş olunub. 1994-cü ildən etibarən burada Azərbaycan adına tanınmış muğam ifaçıları Baba Mahmudoğlu, Zabit Nəbizadə, Mənsum İbrahimov, Qoçaq Əsgərov konsert proqramı ilə çıxış ediblər. Bu il isə, "Womex" Expo-nun 20-ci ildönümündə ilk dəfə olaraq Azərbaycanın ənənəvi musiqisinə həsr olunmuş guşə yaradılıb və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İspaniyaya ezam olunub.
Tədbirdə milli musiqi alətləri sərgilənib, musiqilər səsləndirilib. Ziyarətçilərə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan muğam, klassik və caz musiqisinə aid reklam-çap məhsulları, kitablar, CD-lər, Basqal İpək Mərkəzinin istehsalı olan kəlağayılar təqdim olunub. Dünyanın 90 ölkəsindən tədbirə qatılan 2500 nəfərə Azərbaycan musiqi mədəniyyəti haqqında geniş məlumat verilib.
23 oktyabr tarixində ölkəmizə həsr olunmuş "Music Reception" gecəsinə dəvət olunanlar Azərbaycan çayı, paxlavası və milli şərablara qonaq edilib. Gecədə istedadlı pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi etno-caz qrupu çıxış edib. Bütövlükdə nümayiş olunan 277 guşə arasında Azərbaycan guşəsi iştirakçılar və “Womex” təşkilatçıları tərəfindən ən maraqlı və zəngin guşə kimi dəyərləndirilib. Azərbaycan musiqiçiləri beynəlxalq festival və sərgilərə dəvət alıblar.
Tədbir zamanı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları bir sıra mühüm festival rəhbərləri ilə görüşlər keçirib, media üçün müsahibələr təşkil olunub.
Azərbaycan 2015-ci ildə Macarıstanın Budapeşt şəhərində keçiriləcək növbəti "Womex" dünya musiqi sərgisinə dəvət alıb.