Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının pedaqoqları arasında tanınmış musiqişünas, Əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Ülviyyə İsmayıl qızı İmanovanın xüsusi hörməti və yeri vardır. 45 ildən artıqdır ki, Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi kimi o, müqəddəs Üzeyir ocağına ömürlük bağlanaraq, özünü musiqi mədəniyyətinin mühüm və aktual problemlərinin tədqiqinə həsr etmişdir.
Ülviyyə İmanova 1967-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında (1968-1971) təhsil almışdır. O vaxtdan etibarən musiqi elminin tarixi, nəzəri məsələləri ilə bağlı araşdırmalar aparır.
Alimin elmi araşdırmaları qədim və zəngin ənənələri olan Azərbaycan musiqi mədəniyyəti ilə, əsasən də 60-70-ci illərin bəstəkar yaradıcılığında geniş intişar tapan neoklassisizm problemi ilə sıx bağlıdır. Onun “XX əsrin klassisizmi və Qara Qarayevin musiqisi” adlı elmi tədqiqat işi Azərbaycan musiqişünaslığına layiqli töhfədir. Tədqiqatçının Aqşin Əlizadə, Məmməd Quliyev, Fərəc Qarayev, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyovun yaradıcılığında klassik təmayüllərə həsr olunmuş araşdırmaları da gözəl elmi nəticələr vermişdir.
Ülviyyə İmanovanın tədqiqat işləri onun yüksək elmi potensialından söz açır. Onun çoxlu sayda elmi müşahidələri, fikirləri, qeydləri gələcək tədqiqatlar üçün tükənməz mənbədir. Azərbaycan musiqisinin inkişafına dair bir sıra mühüm problemləri araşdıran tədqiqatçının müasir musiqi dilinin və formalarının ən vacib məqamları haqqında məqalələri və məruzələri hər zaman geniş marağa səbəb olur.
Musiqimizin qarşısında duran başlıca vəzifələrdən, Qərbi Avropa və rus musiqi irsinin ənənələrindən, musiqi kadrlarının hazırlanması problemlərindən, müasir musiqi prinsiplərindən yazarkən və danışarkən onun yazdıqları və dedikləri müəllifin parlaq zəkasını, təkrarsız fərdiyyətini, sarsılmaz mövqeyini, prinsipiallığını və ideya əqidəsini üzə çıxarır.
Professor Ülviyyə İmanovanın elmi işlərinin mövzu dairəsi çox genişdir. Çoxəsrlik musiqi irsimiz və onu yaşadan sənətkarlar, Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığı, ifaçılıq məktəbinin layiqli təmsilçiləri, musiqişünasların portretləri, musiqi tədrisi və təbliği, işıq üzü görən yeni nəşrlər və s. alimin nəzər yetirdiyi sahələrdir. Ülviyyə xanım Bakı Musiqi Akademiyasında, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən elmi konfranslarda maraqlı məruzələrlə çıxış edir. Toxunduğu hər bir problemin əsas qayəsini düzgün mənalandıraraq, bunu geniş dinləyici auditoriyasına yüksək peşəkarlıqla çatdırır. O, Azərbaycan və rus ədəbi dilin qanunlarına mükəmməl bələd olan, ən mürəkkəb məsələlərə toxunduğu zaman da oxucuya və dinləyiciyə anlaşıqlı tərzdə öz fikir və mülahizələrini çatdırmağı bacaran əsl ziyalıdır.
Ülviyyə xanımın Azərbaycan musiqişünaslığına daxil olduğu dövr konservatoriyanın qızıl dövrü idi. O, böyük müəllimlərdən dərs alıb yetkinləşmişdir. Konservatoriyada musiqi tarixi fənlərini aparan pedaqoqların (N.Çumakov, X.Ağayeva, D.Jitomirski, Q.İsmayılova, X.Məlikov, İ.Abezqauz, S.Qasımova, E.Abasova, L.Məlikova, A.Tağızadə, N.Mehdiyeva və başqaları) yolunu şərəflə davam etdirən alimin “Qərb musiqi tarixi” kursu üzrə apardığı dolğun və məzmunlu mühazirələri artıq bir deyil, bir neçə nəsil tələbə-musiqişünasların diqqətini özünə cəlb etməkdədir. O, gənclərə daim qayğı göstərir, istedadlarına həmişə böyük diqqət yetirir, öz peşə sirlərini məhəbbətlə onlarla bölüşür, tələbələri əsl peşəkar mütəxəssis kimi yetişdirir. Tələbələri də ona eyni məhəbbətlə cavab verirlər. Bu gün onun yetirmələri həm ölkəmizdə, həm də xaricdə musiqi təhsilinin bütün pillələrində uğurla çalışırlar.
Tələbələrinin diplom işlərinə böyük məsuliyyətlə rəhbərlik edən alim mövzuların seçiminə xüsusi diqqət göstərir. Rəhbərliyi altında tələbələri musiqişünaslığın müxtəlif problemlərinin tədqiqinə, eləcə də yeni-yeni əsərlərin təhlil olunmasına cəlb edir. Bunun nəticəsində dövlət imtahanlarında uğurla müdafiə edilən sanballı, maraqlı və orijinal tədqiqat işləri meydana çıxır. Qayğıkeş pedaqoq hər zaman tələbələrini tələbə elmi cəmiyyəti tərəfindən keçirilən konfranslarda iştirak etməyə həvəsləndirir və onları konfranslara yüksək səviyyədə hazırlayır.
Ülviyyə İmanova eyni zamanda geniş elmi-təşkilati fəaliyyətlə də məşğuldur. O, 1995-ci ildən bu günədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasına rəhbərlik edir. Kafedrada gözəl yaradıcı ab-hava yaradaraq, müəllimlərin yaradıcılıq qüvvələrini sıx birləşdirməyə müvəffəq olmuşdur.
Sənətşünas alimin rəhbərliyi altında bir sıra aspirant və dissertantlar Azərbaycan musiqişünaslığının tarixi və nəzəri problemləri ilə bağlı maraqlı araşdırmalar aparmış və dissertasiya işləri müdafiə etmişlər. Onun bir çox tələbələri bu gün sevimli müəllimləri ilə kafedrada çiyin-çiyinə çalışırlar. Görkəmli pedaqoq, gənclərin həssas, tələbkar hamisi olan Ülviyyə xanımın geniş fəaliyyəti onu respublikamızın aparıcı musiqi təhsili ocağının iftixarına çevirmişdir. O, sənətini, amalını, Vətənini, xalqını sevən əsl azərbaycanlıdır.
Yüksək peşəkarlığı, geniş dünyagörüşü, özünəməxsus dəst-xətti, gözəl insani keyfiyyətləri onu Azərbaycan musiqi mədəniyyətinin ön sıralarına çıxarmışdır. Danılmaz faktdır ki, müasir musiqi elminin inkişafında Ülviyyə İmanovanın öz dəst-xətti, öz yeri var. Bakı Musiqi Akademiyasının müəllim və tələbə kollektivi onun bir musiqişünas-alim və pedaqoq kimi fəaliyyətini yüksək qiymətləndirir.
Onunla yaradıcı ünsiyyətdə olmaq insanı mənəvi cəhətdən yüksəldir. Biz hamımız ona minnətdarıq, təşəkkür edirik və xoşbəxtik ki, o, sənətinin pərəstişkarlarını hər zaman olduğu kimi sevindirir və Azərbaycanda professional musiqişünaslıq elminin inkişafı yolunda öz təcrübə və bacarığını heç zaman əsirgəmir.
Bu gün mədəniyyətimiz, incəsənətimiz, musiqişünaslığımız inkişaf edir və incəsənətimizi yaşadan insanlar içərisində Ülviyyə xanım da var. Onun yaradıcılıq yolu yeni nəsillər üçün sənətə sədaqət nümunəsidir. Oktyabrın 25-də Ülviyyə İmanovanın 70 yaşı tamam oldu. Yubileyi münasibətilə onu təbrik edir, ömrünün bu müdrik çağında ona xoş anlar, xoş günlər, xoş illər arzulayırıq.
Kəmalə Ələsgərli,
sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti