Qurumun 80 illiyi münasibətilə musiqi festivalı keçirilir

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi münasibətilə musiqi festivalı keçirilir. Noyabrın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında yubiley tədbirləri çərçivəsində operetta gecəsi gerçəkləşib. Gecədə teatrda səhnələşdirilən operetta və musiqili komediyalara yazılmış əsərlər səsləndirilib.

Noyabrın 2-də Azərbaycan Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi olub. Mərasimdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Yubiley münasibətilə təşkil olunan silsilə musiqi tədbirləri barədə danışan Firəngiz Əlizadə qeyd edib ki, noyabrın 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsert salonlarında ümumilikdə 70 müəllifin müxtəlif janrlarda əsərləri səslənəcək. Festivalda xarici ölkələrdən musiqişünas və bəstəkarlar da iştirak edirlər. Noyabrın 5-də Bəstəkarlar İttifaqında qonaqların iştirakı ilə dəyirmi masa keçiriləcək.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bəstəkarlar İttifaqının yubileyinin il ərzində müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.
Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivallarda Bəstəkarlar İttifaqı da fəal iştirak edir. Musiqiçilərə dövlət tərəfindən dəstək verildiyini söyləyən Əbülfəs Qarayev həm yaşlı, həm də gənc nəslin nümayəndəsi olan bəstəkarlar üçün xüsusi təqaüdlər təsis edildiyini diqqətə çatdırıb.
Sonra gecədə Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestri (dirijor - Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellası (Bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) çıxış edib. Konsertdə Sərdar Fərəcovun “Türk şöləni”, Dadaş Dadaşovun qanun ilə simfonik orkestr üçün konsert, Cəlal Abbasovun “İf İ could see you again” simfoniyası, Mobil Babayevin viola və simfonik orkestr üçün konsert, Rəna Qədimovanın “Sarı gəlin” balladası, Həsən Adıgözəlzadənin “Bursa” kantatası, Məmməd Cəfərovun “Vətən dedim” kantatası, Tofiq Bakıxanovun “Həmişə bizimləsən” simfonik poeması, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması səsləndirilib.


 Festival çərçivəsində daha bir konsert

Noyabrın 3-də Bəstəkarlar İttifaqında qurumun 80 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində daha bir konsert proqramı təqdim edildi. Konsertdən əvvəl çıxış edən ittifaqın sədri, professor Firəngiz Əlizadə festival çərçivəsində ümumilikdə beş konsertin təşkil olunduğunu dedi: “Qonaqlar bu konsertlərdən zəngin təəssürat aldıqlarını və Azərbaycanda, doğrudan da, güclü bəstəkarlıq məktəbi olduğunu diqqətə çatdırırlar”.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin C.Cahangirov adına xoru və kamera ansamblının iştirakı ilə konsert oldu. Xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərova idi. Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə bəstələdiyi “Ey Vətən!” əsəri ilə başladı. Aqşin Əlizadənin xor kapellası üçün “Bayatılar” əsəri ifa edildikdən sonra mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konsertdə Ramiz Mustafayevin xor və piano üçün “Küçəmizdən keçəndə sən” mahnısı, “Laçın” xalq mahnısı, Günay Mirzəyevanın solist, xor və piano üçün romansı, Fikrət Əmirovun “Muğam-poema”, Ruhəngiz Qasımovanın “Gəlmədi” romansı, Şəmsəddin Qasımovun xor və piano üçün “Mirzə Cəlil” kantatası, Ədilə Hüseynzadənin “Vətən” və digər əsərlər səsləndirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar