“Qran-pri - Azərbaycan” deyilən an keçirdiyim hissləri sözlə ifadə etmək çətindir”

Xəbər verdiyimiz kimi, oktyabrın 27-dən 29-dək Macarıstanın Balatonfüred şəhərində “Qızıl payız” musiqi festivalı keçirilib. Tədbirdə bəstəkarlar, pianoçu və instrumental ifaçılar arasında müsabiqə təşkil olunub.

Bəstəkarlar arasında müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədlinin “Tünd rənglərin parıltısı” əsəri Qran-pri mükafatına layiq görülüb. Pianoçuların müsabiqəsində iştirak edən Səbinə Mehdiyeva isə birinci yeri qazanıb. Qalib musiqiçilərlə görüşüb festival barədə təəssüratlarını öyrəndik.
Tural Məmmədli qeyd etdi ki, bu ilin iyulunda Maltada keçirilən beynəlxalq müsabiqədə iştirak edərkən Macarıstana dəvət alıb: “Həmin müsabiqədə diploma layiq görüldüm və münsiflər heyətinin üzvləri məni növbəti müsabiqəyə dəvət etdilər. Bəstəkarlıq, ifaçılıq, teatr və vokal üzrə keçirilən musiqi yarışmasına skripka və fortepiano üçün “Tünd rənglərin parıltısı” və “Burağan” adlı iki əsərlə qatıldım. Bakı Musiqi Akademiyasının dosenti Məleykə Əhədzadə əsərin skripka hissəsini ifa edirdi. Müsabiqənin gedişini bütün iştirakçılar izləyə bilirdilər. Əsərin ifasından sonra münsiflərin münasibətini hiss edirdik. Mükafatlandırma zamanı “Qran-pri - Azərbaycan” deyilən an keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Bu günə kimi bir sıra müsabiqələrin qalibi və diplomantı olmuşam, amma ilk dəfə idi ki, bu mükafatı alırdım”.
Bəstəkar bu uğurunu bütövlükdə Azərbaycan musiqisinin qələbəsi hesab edir: “Mükafat qazanmağımdan xəbər tutan Macarıstandakı səfirimiz Vilayət Quliyev məni qəbul etdi. Qələbə sorağımızın ilk xəbərini də Bakıya hörmətli səfirimiz çatdırdı. Müsabiqənin qaliblərindən 10 nəfər Vyana şəhərində qala konsertlə çıxış etdi və mən orada yenidən öz əsərimi səsləndirdim. Mənə yaratdıqları şəraitə görə Milli Konservatoriyanın rəhbərliyinə, uğurlarıma görə isə müəllimlərimə, xüsusilə də Əməkdar incəsənət xadimi Nazim Mirişliyə minnətdarlığımı bildirirəm. İstedadımı nümayiş etdirməkdə atam, gitara ifaçısı Rəhman Məmmədov və müəllimlərimin böyük rolu olub”.
Həmsöhbətim qeyd edir ki, gələn il Macarıstanda keçiriləcək növbəti “Qızıl payız” müsabiqəsinin himnini yazmaq təklifini alıb. Hazırda kamera orkestri üçün əsər üzərində işləyir: “Dekabr ayında Amerika telekanallarının birinə televiziya verilişi üçün musiqi sifarişi almışam. Bir neçə gündən sonra isə Moskvaya yola düşürəm. Macarıstanda olarkən Rusiya teatr truppasından təklif almışam. Onlar mənim əsərimi dinlədikdən sonra müqavilə imzalamaq arzusunda olduqlarını bildirdilər. Müqaviləyə əsasən teatrın tamaşalarına musiqilər yazacağam. Bütün bunlar yaradıcılığıma stimul verir”.
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva isə Macarıstandakı müsabiqəyə bəstəkar Tural Məmmədlinin sayəsində qatıldığını bildirdi: “Əvvəllər də beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Ötən il biz Bakı Musiqi Akademiyasında İ.S.Baxın fortepiano və orkestr üçün üç əsərini orkestrlə birlikdə ifa etdik. Bu, həmin əsərlərin Azərbaycanda ilk ifası idi. Konsertdə bir çox səfirliklərin, o cümlədən də Macarıstan səfirliyinin nümayəndələri iştirak edirdi. “Qızıl payız” festivalına dəvət alandan sonra gərgin məşqlər edirdik. Bu müsabiqəyə solo və duet ifalarla qatılmışdım. İlk nominasiyada Cövdət Hacıyevin “Ballada”sı və macar bəstəkarı Ferens Listin piano üçün etüdü ilə çıxış etdim. Hər iki əsər böyük məsuliyyət tələb edirdi. “Ballada” bizim milli üslubda yazılan bir əsərdir və avropalılar bu əsəri çox bəyəndi. İfamın sonunda alqışları eşidəndə hədsiz sevindim. İkinci nominasiyada isə violin ifaçısı Məleykə Əhədzadə ilə birlikdə Süleyman Ələsgərovun “Sonata” və S.Frankın violin və piano üçün əsərlərini ifa etdik. 10-dan artıq ölkənin iştirak etdiyi müsabiqədə solo ifa üzrə birinci yeri və Qran-pri mükafatını qazandım. Məleykə xanımla ifamız isə birinci yerə layiq görüldü.
Ümumilikdə bu müsabiqədən ölkəmizə iki Qran-pri və üç birinci mükafat gətirdik. Bu, böyük müvəffəqiyyətdir. Müsabiqədən sonra bizə yeni təkliflər gəldi. Məleykə xanımla birlikdə fevral ayında Amerikada keçiriləcək müsabiqəyə dəvət almışıq”.
Qeyd edək ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Əhədzadə geniş ifaçılıq fəaliyyəti ilə məşğuldur. Müxtəlif konsertlərdəki ifasına görə o, dəfələrlə Bakıdakı Türkiyə, Misir səfirliyinin, Yəhudi Cəmiyyətinin xatirə medallarına layiq görülüb, təşəkkür məktubları alıb. Sənətşünas həmçinin 5 dərs vəsaitinin, tədris proqramları və elmi məqalələrin müəllifidir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar