Xəbər verdiyimiz kimi, “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın paytaxtı Londonda II Beynəlxalq Azərbaycan İncəsənəti Festivalı keçirilir.
Festivalın noyabrın 4-də “Royal Albert Hall” konsert salonunda gerçəkləşən ilk konsertində Azərbaycan bəstəkarlarının klassik və caz musiqiləri səslənmişdi.
Noyabrın 18-də isə “South Cathedral”da “Muğam gecəsi” keçirilib. Katedralın dekanı Andru Nun dünyada məşhur olan məkanın tarixi haqqında məlumat verib, belə bir məkanda Azərbaycan “Muğam gecəsi”nin keçirilməsindən şad olduğunu bildirib.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Azərbaycan incəsənətinin bütün dövrlərdə daim inkişafda olduğunu bildirib. Dünyada ölkəmizin mədəniyyətinin, musiqisinin və incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. O, muğamın Azərbaycanın milli sərvəti olduğunu vurğulayaraq ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın yaşadılması, inkişafı sahəsində görülən işlərdən bəhs edib.
Sonra konsert proqramı təqdim olunub. Nurlan Növrəsli, Munis Şərifov, Gülşən Ağayeva, Hüseyn Hüseynov, Vüqar Şərifzadə, Cəbi Mahmudzadə və başqa musiqiçilərdən ibarət muğam ansamblının ifasında “Bayatı-Şiraz”, “Dilkeş”, “Sarı gəlin”, “Çahargah”, “Qarabağ şikəstəsi” və digər təsnif və muğamlarımız səsləndirilib. Konsert çərçivəsində azərbaycanlı sənətkar Teymur Rüstəmovun “Qırmızı buta” əsəri nümayiş olunub. “Muğam gecəsi” iştirakçılarda böyük maraq doğurub.