Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş musiqili festivalının çərçivəsində L. və M.Rostropoviçlərin ev-muzeyində yaddaqalan bir görüş keçirildi.

İttifaqın sədri, professor Firəngiz Əlizadə, violonçelist Elizabet Uilson, bəstəkar Dmitri Yanov-Yanovski, professor Moisey Boroda və Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova muzeyin qonağı oldular. Londonda anadan olan Elizabet Uilson violonçelist, musiqi tənqidçisi və yazıçıdır. Moskva konservatoriyasında Mstislav Rostropoviçin sinfində təhsil alıb. D.Şostakoviç, müəllimi M.Rostropoviç haqqında kitabların müəllifidir.
Muzeyin direktoru Şeyla Heydərova qonaqları muzeylə tanış etdi. Onlar ekskursiyanı maraqla dinlədilər, maestro ilə bağlı xatirələrini bölüşdülər, istedadı, insani keyfiyyətləri və mahir zarafatçıllığından söz açdılar.
Sonra qonaqlara M. Rostropoviç haqqında sənədli film nümayiş olundu. E.Uilsona Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Dahi Bakılı” kitabı və L. və M.Rostropoviçlərin ev-muzeyinin layihəsi əsasında Azərbaycan və ingilis dilində çap olunan “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu hədiyyə edildi.
Görüşün sonunda qonaqlar təəssüratlarını rəy kitabçasında xoş sözlərlə ifadə etdilər. E.Uilson bu sözləri yazdı: “M.Rostropoviçin tələbəsi olaraq mənə muzey çox böyük təsir bağışladı. İki dahi violonçelistin xatirəsini qoruyub saxlamağınıza, bu gözəl ekskursiyaya görə sizə çox minnətdaram”.
Gürcüstan Bəstəkarlar İttifaqını təmsil edən professor M. Boroda isə təəssüratını belə ifadə etdi: “Muzeyin direktoruna bu ekskursiyaya görə dərin minnətdarlığımı bildirirəm. Bu gözəl xalqın qonaqpərvərliyi, ənənələri necə sevgi ilə qoruyub saxlaması mənim ən xoş təəssüratlarım sırasına daxil oldu”.

Xədicə Sadıqova,
L. və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar