Fikrət Əmirova həsr olunmuş kitabın təqdimatı
Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçirilib. Layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə bəstəkarın yaradıcılığını əhatə edən ekspozisiya ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, Heydər Əliyev Fondunun çoxsaylı layihələri sırasında Azərbaycan mədəniyyətinin, tarixinin, musiqisinin təbliği xüsusi yer tutur. Dahi bəstəkar Fikrət Əmirovun zəngin yaradıcılığına həsr edilən nəfis tərtibatlı kitab, CD və əsərlərindən ibarət antologiya da sənətkarın yaradıcılığının təbliğinə bir töhfədir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev musiqi ictimaiyyəti adından nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Fikrət Əmirov bütün yaradıcılığı ilə xalqımızın qədim tarixindən süzülüb gələn əxlaqını, mənəviyyatını əsərlərində ən yüksək səviyyədə tərənnüm edən çox nadir sənətkarlardandır. Fikrət Əmirovun yaradıcılığı Azərbaycan xalqı və dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib, mahnı və rəqs ansamblı, Gəncədə “Göygöl” ansamblı, musiqi məktəbi, paytaxtımızın küçələrindən biri onun adını daşıyır.
Mərasimdə çıxış edən bəstəkarın oğlu Cəmil Əmirov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, sözügedən layihə həyata keçirilməzdi. O, Əmirovlar ailəsi adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Sonra tədbir iştirakçıları Fikrət Əmirovdan bəhs edən sənədli filmə baxıblar. Bəstəkarın abidəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını, mərhum sənətkarın müsahibəsini, yetişdiyi mühitə dair kadrları əhatə edən film maraqla izlənib.
Qeyd edək ki, “Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri, əsərlərindən ibarət antologiya daxildir. Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu - XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi əks etdirilir.
Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert də təqdim olunub. Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Teymur Göyçayev idarə edib.